Ermənistan Baş naziri Nikol Paşinyan martın əvvəlində Almaniyada apardığı danışıqlar zamanı Qərbdəki tərəfdaşlarından Rusiyaya paralel ixracatla bağlı sərt xəbərdarlıq alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, almanlar Paşinyandan Rusiyaya Qərbin iqtisadi sanksiyalarını dəlməyə yardım etməməsini tələb ediblər.
Qəzetin mənbəsi Paşinyanın bu söhbətdən sonra çox əsəbiləşdiyini və ölkəyə qayıtdıqdan dərhal sonra Mərkəzi Bank sədri, eləcə də hökumətin digər üzvləri ilə görüşərək, Moskvanın istifadə etdiyi bu yolların bağlanmasını əmr edib. Məhz bu addımdan sonra paralel ixracatdan böyük gəlirlər götürən erməni şirkətləri bir anın içində həmin imkandan məhrum olublar:
“Bizə deyildi ki, hətta hava limanında ciddi nəzarət təşkil edilib və İT texnologiyaları üçün gərəkli olan çiplərin gətirilməsinə izn verilmir. Üstəlik, çoxsaylı şirkətlərin ABŞ və Avropaya məhsul alışı üçün bank köçürmələri həyata keçirməsi də dayandırılıb”.
İlkin Həsənov
Globalinfo.az