agar 11

Globalinfo.az türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar ilə müsahibənin ikinci hissəsini təqdim edir:

(Əvvəli burda)

– Abdullah bəy, Türkiyədə sizin də qeyd etdiyiniz bu qruplar faktiki olaraq həm hicab, həm də din əsaslı anti-Azərbaycan təbliğatı aparırlar və dayanmırlar. Siz Bakının küçələrində gəzərkən yəqin ki, hicablı xanımlar gördünüz. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda tikilən möhtəşəm məscidləri də bir qədər öncə gözəl şəkildə təsvir etdiniz. Azərbaycanda heç bir dinə, inanca qarışılmadığı, əksinə, islam abidələrinə xüsusi diqqət göstərildiyi halda, bu qruplar necə belə yalan və böhtanla danışa bilirlər?

– Azərbaycan dünyəvi ölkədir. Lakin hesab edirəm ki, nəticəyə fayda verəcək nələrsə deməliyəm. Ona görə də məsələyə ənənəvi prizmadan baxmayaq. Dünyəvilik sadəcə din və dövlət işlərinin bir-birindən ayrılması deyil. Dünyəviləşmə Qərb mənşəli bir yanaşmadır. Əslində isə bu yanaşma və prinsiplər Qurani-Kərimdə, İslam dinində var. Biz Qurani-Kərimi bilmirik. Ona görə də Qərbin bizə verdiyi bu dəyərləri mənimsəyirik. Hesab edirəm ki, bir çox insan dünyəviliyi də düzgün başa düşmür.

Klassik bir ifadə var: din dövlətdən ayrıdır. Lakin biz həm də Qərbin dünyəviliyə, dinin dövlətdən ayrılmasına necə nail olduğuna baxmalıyıq. Tarixə nəzər saldıqda bunun çox ağır fəsadlar hesabına əldə edildiyini görə bilərik. 100 illik müharibələr, 30 illik müharibələr oldu. Avropada bir əsrdən çox insanlar bir-birini kəsdi, müharibə etdi, qətlə yetirdi. Bu müharibələrin təməl əsası o idi ki, xristian din xadimləri dini, dövləti və orduları özlərinin teoloji maraqları üçün istifadə edirdilər. Din xadimləri dövlətdən, hökmdardan, hətta xalqdan belə üstün idilər. Bax, bunun qarşısını almaq, bu iyerarxiyanı yıxmaq üçün Avropada bir əsrdən çox müharibələr oldu və dünyəvilik dediyimiz anlayış əldə edildi.

agar 16

Din dövlətdən belə ayrıldı. Qərb dedi ki, Vatikan din xadimləri üçün yetərli bir dövlətdir, ordu da, sərvətlər də, iqtidar da dövlətindir. Dövlət isə xalqındır. Düzdür, Qərbin özündə də bu gün din-dövlət məsələlərində problemlər qalır, amma böyük ölçüdə həll ediblər deyə bilərik.

İndi eyni prinsiplə baxmalıyıq. Biz islamda dini öz maraqları və mənfəətləri üçün istifadə edən şəxslərdən xilas ola bilmişikmi? Hesab edirəm ki, buna nail olmalıyıq. Bu gün baxın, yenə bu zümrədən olan insanlar iki ölkənin qardaşlığını pozmağa çalışırlar. Ona görə biz dünyəviliyi islam dinində də çox yaxşı anlamalıyıq. Dünyəviliyin islam dinindəki yerini düzgün təbliğ etmək lazımdır.

Sənin dinin sənə, mənim dinim mənə!

Dində məcburiyyət yoxdur. Allah Qurani-Kərimin üçdə ikisində bizə islam dinindəki ruhbanların necə böyük təhdid olduğunu deyir. Buna biz şirk deyirik. Biz bu şirki aradan qaldırsaq, problemləri həll edə bilərik.

Bir çox insan işin əslini bilmir. Məsələyə insani, vicdani yanaşır və manipulyasiyaya açıq olur. Hesab edirəm ki, bunlara çox ilişmək lazım deyil. Bilirsiniz, bundan öncə BMT-dəki məsələdə ilişdilər, eyni zamanda, Azərbaycanın İsrail ilə əməkdaşlığını da tənqid etdilər. Bunları da çox yaxşı anlamırlar. Bütün bunlar yanlış anlaşılır. Azərbaycanı, hesab edirəm ki, düzgün başa düşmürlər.

agar 13

– Sevindirici haldır ki, artıq gərginlik səngiyib. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü ilə bağlı Azərbaycana səfəri, daha sonra Prezident İlham Əliyevin COP31 ilə bağlı Türkiyəyə səfər etməsi, liderlərin bu səfərlər zamanı verdiyi pozitiv mesajlar və ictimaiyyətə yansıyan görüntülər müsbət danışmaq üçün əsas verir. Türkiyə və Azərbaycan arasında gərginlik sizcə bitdimi?

– Gərginlik nə qədər böyük və narahatedici olmalıdır ki, dövlət rəhbərləri səviyyəsində bir həll yolu axtarılsın? Ən üst səviyyədə iradə nümayiş olundu və liderlər qarşılıqlı addımlar atdılar. Bu, çox dəyərlidir. Dövlət başçıları təhdid və təhlükənin böyüklüyünü görüb hərəkətə keçdilər. Məsələni sosial müzakirələr, qarışıqlıq və ixtilaflar səviyyəsində buraxmadılar. Ortaya qoyulan iradə çox vacibdir.

Amma məsələ sadəcə bu deyil. Daha mühümü keçirilən görüşlər və əldə edilən qərarlardır. Bu qərarların necə icra ediləcəyi, tərəflərin necə yanaşma sərgiləyəcəyi və bütün bunların strateji zəminində harada yerləşdiyi mühümdür. Məsələ bundan sonrasıdır. Prosesin strategiyası verildi.

agar 12

Əsas olan dövlətlərin, orduların və xalqların uyğunluğu, əməkdaşlığı və etimadın pozulmamasıdır. Hesab edirəm ki, qarşıda bizi bu məsələ gözləyir.

– Abdullah bəy, bu dəyərli müsahibə üçün çox təşəkkür edirəm.

– Sonda bir məqama da toxunum. Globalinfo.az saytı çox gənc bir media subyektidir. Amma bu dörd illik zaman müddətində çox mühüm işlər gördünüz. Dördüncü ilinizi təbrik edirəm. Neçə gözəl 4 və 40 illər görmənizi təmənna edirəm. Sülhə, yaxşılığa xidmət edin hər zaman.

– Çox olun!

Söhbətləşdi: Turan Rzayev,
Globalinfo.az-ın siyasət yazarı
Fotolar: İntiqam Əhmədov

Paylaş: