“Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində baş tutan görüş effektiv və məhsuldar keçdi”.
Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, görüşün nəticələrinə nəzər saldıqda il ərzində müzakirə olunan bir sıra məsələlərin yenidən gündəmə gətirildiyi və bu istiqamətlərdə işlərin davam etdirildiyi məlum olur:
“Bir sıra istiqamətlər üzrə konkret işlər görülür. Söhbət həm delimitasiya və demarkasiya prosesindən, həm də sülh danışıqlarından gedir. İki ölkə arasında nəqliyyat infrastrukturunun bərpası, Zəngəzur dəhlizinin iş prinsipləri və bu istiqamətdə mümkün əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu ehtimal edilir.
İstisna deyil ki, gələn ildən başlayaraq Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsinin şahidi olaq. Artıq Ermənistana Azərbaycandan yanacaq tədarük olunur. Bundan başqa, gələcəkdə digər məhsulların da satışının həyata keçirilməsi mümkündür. Bu, iki ölkə arasında iqtisadi münasibətlərin tədricən formalaşması baxımından əhəmiyyətli addımdır.

Zaur Məmmədov
Bununla yanaşı, su ehtiyatlarından daha səmərəli istifadə məsələsinin də müzakirə olunduğunu düşünürəm. Ermənistanın kifayət qədər su ehtiyatları var. Gələcəkdə bu resurslardan qarşılıqlı maraqlar çərçivəsində istifadə strateji əməkdaşlıq istiqamətlərindən birinə çevrilə bilər.
Əsas məsələlərdən biri isə Ermənistan Konstitusiyası ilə bağlıdır. Düzdür, görüşün yekun bəyanatında bu məsələyə yer verilməyib. Lakin hesab edirəm ki, Ermənistan Konstitusiyası dəyişdirilməli, yeni konstitusiya qəbul edilməlidir. Parlament səviyyəsində bu məsələnin həlli üçün müvafiq mexanizmlər tapılmalıdır.
Biz Cənubi Qafqazda yeni proseslərin şahidi oluruq. Azərbaycan və Ermənistan arasında təmasların davam etməsi, iqtisadi münasibətlərin formalaşması və sülh gündəliyinin müzakirəsi regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər. Baş verən proseslər bu baxımdan diqqətəlayiqdir”.
Turan Rzayev
Globalinfo.az