Paşinyandan hiyləgər addım: Ərdoğana təbrik mesajında…

 

Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra onu təbrik edənlər arasında Ermənistan Baş naziri Nikol Paşinyan da var.

“Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik”, – Paşinyan bildirib.

Maraqlıdır, Türkiyə və Ermənistan arasında münasibətlər normallaşacaq?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, seçkidə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən sonra Paşinyanın onu ilk təbrik edənlərdən biri olması maraqlı məqam olsa da, əslində təəccüblü deyil:

“Paşinyan ağıllı siyasətçidir, o, fürsətlərdən istifadə etməyi bacarır. Ermənistan hökumət başçısı Ərdoğanı təbrik etməklə ilk növbədə gələcək 5 illikdə iki dövlət arasında əlaqələrə müsbət təsir etməyə çalışdı.

Məlumdur ki, Ərdoğanın qələbəsi Ermənistanda heç də xoş qarşılanmadı. Bu barədə Ermənistan KİV- i özü də yazdı. Paşinyan Ərdoğanı təbrik etməklə əslində böhranlı vəziyyətdən çıxmağa çalışdı. Çünki rəsmi İrəvanın regiondakı mövqeyi xeyli dərəcədə Ankaradan asılıdır.

Bu gün Ermənistan Qərblə Rusiya arasında qalıb. Hər iki tərəfdən baş nazir Paşinyana təzyiq göstərilir. Üstəgəl, Paşinyan hər nə qədər vaxtı uzatmağa çalışsa da, başa düşür ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Sülh müqaviləsinin imzalanması Paşinyanın həm siyasi həyatı, həm də şəxsi təhlükəsizliyi üçün təhdiddir. Deməli, ona “çətir” lazımdır. Ermənistan belə bir “çətir” kimi məhz Türkiyəni görür. Düşünürəm ki, tərəflər arasında münasibətlər bundan sonra da inkişaf edən xətlə davam edəcək. Bu isə öz növbəsində İrəvan-Bakı münasibətlərinə təsir edəcək “.

Turan Rzayev
Globalinfo.az