payk 142

ABŞ-ın Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı məhbus Krista Paykın uğursuz edamı ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, sentyabrın 30-da baş verən qalmaqallı prosesə nəzarət edən 69 yaşlı həkim Mark Fouler tənqidlərə ilk dəfə “İntelligencer” nəşrinə danışıb.

İctimaiyyətin kəskin tənqidlərinə cavab verən həkim Mark Fouler ozünə haqq qazandırıb. Fouler ölümcül iynələrin damara deyil, dərialtı toxumaya vurulduğunu gec anladıqlarını etiraf edib. O, məhbusun daimi vegetativ vəziyyətə düşməsi riskini nəzərə alaraq edamın dayandırılmasını və təcili tibbi yardım çağırılmasını tələb etdiyini bildirib.

Buna baxmayaraq, həkim Paykın yenidən edam edilməli olduğunu müdafiə edib: “Bu, 1995-ci ildə öldürülən Kollin Slemmerin anasına ədalət hissi bəxş etmək üçün vacibdir”.

Fouler həmçinin Tennessi ştatını edam protokolunu dəyişməyə və köhnə üçdərmanlı metoda qaytmağa çağırıb.

Məhkəmə sənədlərinə görə, edam heyəti təxminən bir saat ərzində Paykın qolunda yararlı damar axtarıb və 10-a yaxın iynə vurub. İki tam doza “pentobarbital” verilsə də, məhbus ölməyib.

Aparılan araşdırma zamanı məlum olub ki, iynələr qan dövranına deyil, dərialtı toxumaya yeridilib. Protokola əsasən, 3-cü dozanın vurulması qadağan olduğu üçün edam prosesi dayandırılıb və məhbus koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Süni tənəffüs aparatına qoşulan və oktyabrın 10-da yenidən həbsxanaya qaytarılan Payk yaşadığı həmin gecəni belə təsvir edib: “O gecədən bəri ağrı hiss etmədiyim bir an belə olmayıb. Bədənim, qollarım, əllərim və boğazım kəskin ağrıyır, danışmaqda çətinlik çəkirəm. 28 ildir tək kamerada qalıram, amma edam heyətinin göstərdiyi bu səriştəsizlik məni dərindən yaraladı”.

Qeyd edək ki, uğursuz prosesdən sonra Tennessi qubernatoru Bill Li ştatdakı bütün edamları 2026-cı ilin sonuna qədər dondurub. Eyni zamanda, İslahatlar Departamentinin komissarı vəzifəsindən istefa verib.

Əlavə edək ki, Krista Payk 1995-ci ildə 18 yaşında olarkən 19 yaşlı sinif yoldaşı Kollin Slemmeri qətlə yetirdiyinə görə ölüm hökmünə məhkum edilib və o, Tennessidə edamını gözləyən yeganə qadındır. Hazırda onun ölüm hökmü qüvvədə qalır.

Paylaş: