Skuterlə piyada keçidindən hərəkət etmək qanunla qadağandırmı? Bu nəqliyyat növündən istifadə üçün nəzərdə tutulan yaş həddi yenidən nəzərdən keçirilməlidirmi? Qəzaların və xəsarətlərin qarşısını almaq üçün qanunvericiliyə hansı dəyişikliklər edilməlidir?
Globalinfo.az-a danışan hüquqşünas Ərşad Hüseynov deyib ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, piyada keçidləri piyadaların yolu bir tərəfdən digər tərəfə keçməsi üçün nəzərdə tutulub:
“Buna görə də skuter sürücüsü yolu piyada keçidindən keçmək istəyirsə, skuterdən düşməli və onu əlində itələyərək piyada kimi hərəkət etməlidir. Bu zaman piyadaların hərəkət tempinə uyğun davranmalı və yol hərəkəti qaydalarına əməl etməlidir. Əgər piyada keçidində işıqfor varsa, yolu yalnız piyadaların hərəkətinə icazə verilən siqnal zamanı keçmək lazımdır. Nizamlanmayan piyada keçidində isə yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və məsafəsini nəzərə almaq, keçidin təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkət etmək vacibdir. Bir sözlə, skuter sürücüsü piyada keçidindən yalnız skuterdən düşərək, piyada kimi istifadə edə bilər. Piyada keçidləri və səkilər piyadaların hərəkəti üçün nəzərdə tutulub”.
Hüquqşünas bildirib ki, hazırda qüvvədə olan qaydalara görə, 14 yaşından yuxarı şəxslər skuterlə küçələrdə hərəkət edə bilərlər:
“Bununla bağlı yeni qərar vermək üçün araşdırmalar aparılmalı, mövcud vəziyyət təhlil edilməlidir. Müşahidələr göstərir ki, skuterlə kobud qayda pozuntularına yol verənlərin əksəriyyəti yalnız 14 yaşlılar deyil, 20 və daha yuxarı yaşda olan şəxslərdir. Buna görə də yaş həddinin dəyişdirilməsi məsələsi hərtərəfli təhlilə əsaslanmalıdır. Əgər araşdırmalar nəticəsində 14-16 yaşlı uşaqların ciddi qayda pozuntularına yol verdiyi müəyyənləşərsə, yaş həddinə yenidən baxılması mümkündür. Lakin mənim fikrimcə, hazırda bu məsələ əsas prioritet deyil. Çünki bəzi skuter sürücülərinin intizamsızlığı yaşla bağlı deyil. İstər 20-30, istərsə də 40 yaşlı şəxslər arasında yol hərəkəti qaydalarına laqeyd yanaşanlar var”.
Ərşad Hüseynov
Ə.Hüseynov qeyd edib ki, bu problemin qarşısını almaq üçün bir neçə istiqamətdə tədbirlər görülməlidir:
“İlk növbədə, skuter istifadəçilərinin maarifləndirilməsinə ciddi diqqət yetirilməlidir. Bakıda skuterlərdən istifadə edənlərin böyük əksəriyyəti onları icarəyə götürür. Buna görə də icarə xidmətləri göstərən şirkətlər istifadəçilərin maarifləndirilməsi işində fəal iştirak etməlidirlər. Şirkətlər nəzərə almalıdırlar ki, qayda pozuntularının artması gələcəkdə skuter xidmətlərinə tələbatı da mənfi təsirə məruz qoyacaq. İcarə şirkətləri istifadəçilərə maarifləndirici videolar, audio və mətn materialları vasitəsilə məlumat verməlidirlər. Bu materiallarda skuterlərdən düzgün istifadə qaydaları izah edilməli, qadağan olunmuş hərəkətlər və yol verilən səhvlər barədə xəbərdarlıq edilməlidir. Məqsəd istifadəçilərin qaydaları bilməsini və pozuntulara yol verməməsini təmin etməkdir.
İkinci mühüm istiqamət nəzarətin gücləndirilməsidir. Yol-patrul xidməti əməkdaşları skuter sürücülərinin qaydalara əməl etməsinə nəzarət etməli, zəruri hallarda qayda pozuntularına yol verən şəxslər barəsində müvafiq tədbirlər görməlidirlər. Kobud pozuntulara görə qanunvericilikdə nəzərdə tutulan cərimələr tətbiq oluna, eyni zamanda profilaktik və maarifləndirici tədbirlər həyata keçirilə bilər. İcarəyə verilən skuterlərlə bağlı rəqəmsal nəzarət imkanlarından da istifadə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, icarəyə verilən skuterlər GPS avadanlığı ilə təchiz edilməli, həmin avadanlıqlardan əldə olunan məlumatlar Dövlət Yol Polisinin sisteminə inteqrasiya olunmalıdır. Bu imkanlardan istifadə etməklə skuter sürücülərinin hərəkətinə və davranışına daha səmərəli nəzarət etmək mümkündür”.
Ləman İmran
Globalinfo.az