Azərbaycandan İrana səfərlər digər əsas qonşu ölkələrlə müqayisədə kəskin şəkildə azalıb. Belə ki, azərbaycanlıların İrana səfərləri 44,5 faiz geriləyib. Gürcüstana səfərlərdə isə 17,6 faiz artım qeydə alınıb.
Bunun əsas səbəbləri nədir? Proses turizm əlaqələrinə necə təsir edəcək?
Globalinfo.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev deyib ki, Azərbaycan və İran arasında səfərlərin azalmasını bir neçə amillə əlaqələndirmək olar:
“İlk növbədə, regionda mövcud olan geosiyasi gərginlik və təhlükəsizliklə bağlı narahatlıqlar insanların səfər qərarlarına birbaşa təsir göstərir. Turistlər xarici ölkəyə səfər edərkən təhlükəsizliyi, sərhəd-keçid qaydalarını, nəqliyyat imkanlarını və ümumi sabitliyi əsas meyarlar kimi nəzərə alırlar. Digər tərəfdən, insanların səyahət istiqamətlərini seçərkən qiymət, xidmət keyfiyyəti və istirahət imkanlarına üstünlük verməsi də mühüm rol oynayır. Gürcüstana səfərlərin artması isə coğrafi yaxınlıq, dəmir yol nəqliyyatı ilə rahat gediş-gəliş, müxtəlif turizm məhsulları və alış-veriş imkanları ilə bağlıdır”.
Rəhman Quliyev
Ekspert bildirib ki, bu tendensiya Azərbaycanla İran arasında turizm, qarşılıqlı səfərlər sahəsində iqtisadi fəallığa, hotellərin, ticarət obyektlərinin və turizm şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər:
“Lakin səfərlərin azalması iki ölkə arasında mədəni əlaqələrin və insanlararası ünsiyyətin intensivliyini də zəiflədəcək. Yəni mövcud vəziyyəti yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada sərhəd rejimi, uçuş və nəqliyyat imkanları, mövsümi dəyişikliklər, statistik dövr nəzərə alınmalıdır. Azərbaycan hüdudlarından kənara gedən turistlər səfərdən öncə həmin ölkənin siyasi sabitçiliyini də nəzərə alırlar. Bu gün Azərbaycan regionun hətta dünyanın ən stabil və təhlükəsiz ölkələr sırasında ilk yerlərdən birində dayanır. Hesab edirəm ki, təhlükəsizlik şəraitinin yaxşılaşması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında turizm əlaqələrinin bərpasına müsbət təsir göstərəcək”.
Ləman İmran
Globalinfo.az