ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını ala bilmədikdən sonra Norveçə qarşı sərt açıqlamalar verib. O, oktyabrın 25-i Miçiqan ştatının Port-Huron şəhərində keçirilən siyasi mitinqdə Norveçdən olan miqrantları ölkəsində görmək istəmədiyini deyib.
ABŞ-da Norveçdən olan nə qədər miqrant var? Tramp Osloya qarşı başqa addımlar da ata bilərmi?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, baş verənlər Vaşinqton-Oslo münasibətlərində yeni gərginlik yaradıb:
“Lakin Donald Trampın sərt bəyanatlarından sonra Norveç vətəndaşlarının ABŞ-a qəbuluna dair yeni rəsmi qadağalar elan edilməyib. ABŞ Siyahıyaalma Bürosunun Amerika İcması Sorğusuna əsasən, ölkədə Norveçdə doğulmuş təxminən 19 842 nəfər yaşayır. Lakin bu göstərici Norveç əsilli bütün amerikalıların sayını əks etdirmir. ABŞ-da Norveç mənşəli insanların sayının təxminən 3,9 milyon nəfər olduğuna dair məlumatlar var. Bu şəxslər norveçli əcdadlara malik olsa da onların böyük hissəsi ABŞ-da doğulublar. Odur ki, Norveçdən gələn miqrantlarla Norveç mənşəli Amerika vətəndaşlarını eyniləşdirmək düzgün olmazdı. Bu fərq Trampın bəyanatının real miqyasını qiymətləndirmək baxımından əhəmiyyətlidir”.
Politoloq bildirib ki, Trampın ilk addımı sözügedən ölkəyə ticarət təzyiqlərinin artırılması ola bilər:
“Məlumdur ki, 2026-cı ilin iyulunda ABŞ Norveçdən idxal olunan bir sıra məhsullara əlavə 12,5 faizlik gömrük rüsumu tətbiq edib. Norveç hökuməti də bu qərara etiraz edərək onun iqtisadi əsaslandırmasını mübahisələndirib. Beləliklə, ikitərəfli münasibətlərdə ticarət mübahisəsi artıq var və əlavə rüsumlar, istisnaların məhdudlaşdırılması, yaxud yeni ticarət məhdudiyyətləri nəzəri baxımdan mümkün təzyiq vasitələri ola bilər. Paralel olaraq diplomatik münasibətlərin soyuması da baş verə bilər. Məsələn, yüksək səviyyəli görüşlərin təxirə salınması, sərt bəyanatlar və beynəlxalq məsələlərdə fikir ayrılıqlarının qabardılması münasibətləri çətinləşdirəcək. ABŞ eyni şəkildə təhlükəsizlik sahəsində əməkdaşlıqdan da təzyiq vasitəsi kimi istifadə edə bilər. Yəni, NATO çərçivəsində mövcud olan hərbi, müdafiə və kəşfiyyat əməkdaşlığının müəyyən istiqamətlərini siyasi təsir alətinə çevirmək mümkündür”.
Rəşad Bayramov
R.Bayramov qeyd edib ki, Norveç NATO üzvü və Arktika regionunda strateji əhəmiyyətə malik ölkə olduğundan, ABŞ-la münasibətlərin pisləşməsi yalnız ikitərəfli əlaqələrə yox, daha geniş transatlantik təhlükəsizlik mühitinə də təsir göstərə bilər:
“Burada diqqətə alınmalı olan vacib bir məqam Norveç Nobel Komitəsinin mükafatın verilməsi ilə bağlı müstəqil qərar qəbul etməsidir. Norveç hökuməti komitənin qərarını müəyyənləşdirmir. Buna görə Nobel mükafatı ətrafındakı narazılığın dövlətlərarası münasibətlərə təsiri siyasi seçimlərdən və daha geniş iqtisadi-təhlükəsizlik maraqlarından asılı olacaq. Əsas məsələ Trampın ritorikasının konkret qərarlara çevrilib-çevrilməyəcəyi ilə bağlıdır. Xüsusilə gömrük rüsumları, miqrasiya qaydaları və NATO çərçivəsində əməkdaşlıqla bağlı rəsmi qərarlar münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas göstəricilər olacaq”.
Qeyd edək ki, Donald Tramp ilk dəfə 2018-ci ildə Nobel Sülh Mükafatına namizəd göstərilib. Həmin vaxt o, Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılmasına və Koreya yarımadasında sülh səylərinə görə mükafata namizəd irəli sürülüb.
Bildirək ki, Nobel Sülh Mükafatının laureatı qızıl medal, mükafatı təsdiqləyən xüsusi diplom və pul mükafatı alır. Təqdimat mərasimi hər il dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilir.
Ləman İmran
Globalinfo.az