metro 11

27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.

“Bakı Metropoliteni” QSC-dən Globalinfo.az-a verilən məlumata görə, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib. Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.

    Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olundu. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

    Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

    2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

    ***09:00

    “Həzi Aslanov” – “İçərişəhər” metro xəttində birbaşa hərəkətin bərpa olunması ilə bağlı məlumat yayılıb.

    Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov görülən işlərin sınaq xarakterli olduğunu və hazırda yoxlamaların getdiyini bildirib.

    Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan etibarən “İçərişəhər” və “Dərnəgül” stansiyalarından “Əhmədli” stansiyasına qədər hərəkət , “Həzi Aslanov” – “Əhmədli” sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

    X X X

    “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub.

    Globalinfo.az xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.

    Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar “İçərişəhər” və “Dərnəgül” metro stansiyalarından “Əhmədli” stansiyasına qədər hərəkət edib, “Həzi Aslanov”-“Əhmədli” sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

    Paylaş: