ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini miqrasiya siyasətinə görə xəbərdar edib. O, həmin dövlətləri sərhədlərini bağlamağa və cinayət törədən miqrantları ölkədən çıxarmağa çağırıb. Ağ Ev rəhbəri bu addımlar atılmasa, Avropanı ağır gələcəyin gözlədiyini bildirib.
Trampın bu xəbərdarlığı Avropanın gələcək siyasətinə necə təsir edə bilər? Xaricdəki azərbaycanlıları nə gözləyir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, bu bəyanatın arxasında yalnız miqrasiya məsələsi dayanmır:
“Burada Avropada təhlükəsizlik anlayışının dəyişməsi, milli suverenlik müzakirələri, sağçı siyasi qüvvələrin mövqelərinin güclənməsi və dövlətlərin sosial-iqtisadi problemlərə reaksiyası da mühüm rol oynayır. Trampın çağırışının Avropanın gələcək siyasətinə təsiri artıq mövcud olan sərtləşmə meyilləri fonunda qiymətləndirilməlidir. Avropa İttifaqı (Aİ) 2026-cı ilin iyununda miqrasiya və sığınacaq sistemində yeni qaydaların tətbiqinə başlayıb. Bu çərçivədə sərhəd prosedurlarının sürətləndirilməsi, sığınacaq müraciətlərinə baxılması və ölkədə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılmasının effektivliyinin artırılması nəzərdə tutulur. Avropa Komissiyası 2026-cı ilin sentyabrında isə kütləvi və qəfil qeyri-qanuni miqrasiya hallarına qarşı əlavə tədbirlər planı təqdim edib. Tramp bu bəyanatla Avropaya tamamilə yeni gündəm təqdim etmir, sadəcə orada artıq müzakirə edilən sərt miqrasiya siyasətinə siyasi təzyiq və əlavə impuls verir”.
Politoloq bildirib ki, Avropa ölkələrinin qarşıdakı dövrdə sərhəd nəzarətini gücləndirməsi, sığınacaq müraciətlərinə daha sürətli baxması və qanuni yaşamaq hüququ olmayan şəxslərin geri qaytarılmasını intensivləşdirməsi mümkündür:
“Lakin bu siyasətin bütün miqrantlara eyni qaydada tətbiq olunacağını düşünmək düzgün deyil. Aİ-nin qaydaları fərdi hüquqi qiymətləndirməni, sığınacaq hüququnu və məcburi geri qaytarılma zamanı insan hüquqlarına riayət olunmasını tələb edir. Qərarın xaricdə yaşayan azərbaycanlılara təsirinə gəldikdə isə, burada əsas məsələ onların hüquqi statusu ilə bağlıdır. Avropa ölkələrində vətəndaşlıq və ya qüvvədə olan yaşayış icazəsi əsasında yaşayan, işləyən və təhsil alan azərbaycanlılar yalnız mənşələrinə görə deportasiya təhlükəsi ilə üzləşməyəcəklər. Risk daha çox vizasının müddəti bitmiş, yaşayış icazəsi olmayan, qanuni qalmaq tələblərini pozan və ya sığınacaq müraciəti rədd edilmiş şəxslər üçün arta bilər. Aİ-nin qaydalarına əsasən sığınacaq istəyən şəxsin müraciətinin rədd edilməsi və deportasiya qərarı hüquqi prosedurlar, şikayət imkanları və fərdi hallar nəzərə alınmaqla həyata keçirilir”.
R.Bayramov qeyd edib ki, Avropada yaşayan soydaşlarımızın sənədlərini qaydasında saxlaması, miqrasiya qanunvericiliyindəki dəyişiklikləri izləməsi və zərurət yaranarsa hüquqi yardım alması vacibdir:
“Sərt miqrasiya siyasəti qanuni yaşayan xarici vətəndaşların gündəlik həyatına da dolayısıyla təsir göstərir. Sənədlərin yoxlanılması, işə qəbul prosedurları və yaşayış icazələrinin uzadılması ilə bağlı nəzarət arta bilər. Trampın xəbərdarlığı Avropada miqrasiya siyasətinin təhlükəsizlik yönümlü sərtləşməsini sürətləndirəcək. Lakin bunu xaricdəki bütün azərbaycanlıların deportasiya təhlükəsi ilə üzləşməsi kimi təqdim etmək olmaz. Çünki Aİ üçün hələ ki, əssas meyar hüquqi status, fərdi vəziyyət və müvafiq ölkənin qanunlarıdır”.
Qeyd edək ki, hazırda Avropa İttifaqına Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa və digər ölkələr daxil olmaqla, ümumilikdə 27 dövlət üzvdür.
Ləman İmran
Globalinfo.az