ABŞ-ın Maliyyə Nazirliyinin oktyabrın 15-də İranla əlaqəli şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq etməsi Vaşinqtonla Tehran arasında münasibətləri yenidən gündəmə gətirib. Bu addımın İranın siyasi və iqtisadi vəziyyətinə, eləcə də iki ölkə arasında diplomatik dialoqun perspektivlərinə necə təsir edəcəyi maraq doğurur. Xüsusilə, sanksiyaların İran rəsmilərinə qarşı təzyiqləri artırmaqla yanaşı, Yaxın Şərqdəki geosiyasi proseslərə və regional güclər arasındakı münasibətlərə mümkün təsirləri diqqət çəkir.
ABŞ Maliyyə Nazirliyinin 15 oktyabr tarixində İranla əlaqəli şəxslərə və qurumlara qarşı yeni sanksiyalar tətbiq etməsi fonunda, bu addım İran hökumətinə siyasi və iqtisadi baxımdan necə təsir göstərə bilər? İranlı diplomatlara qarşı sanksiyaların tətbiqi ABŞ–İran münasibətlərində gərginliyin daha da artmasına və tərəflər arasında diplomatik dialoqun məhdudlaşmasına səbəb ola bilərmi? Bu addımın regiondakı geosiyasi proseslərə mümkün təsirləri nələrdir?
Globalinfo.az-a danışan Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ABŞ-nin aviasiya sahəsinə tətbiq etdiyi yeni sanksiyalar beynəlxalq uçuş marşrutlarının aradan qalxmasına səbəb olur:
“Belə bir şəraitdə iranlılar həm çox zaman, həm də pul itirirlər. Məsələn, sentyabrın sonlarında Tehrandan Dubaya uçuş 2 saatdan az bir müddətdə baş tutur, biletin qiyməti 100-200 dollar arasında dəyişirdi. İndi isə eyni səfər 18 saata qədər uzanır və min dollardan da baha başa gəlir. Şübhəsiz ki, mövcud dəyişiklik ABŞ-in İran aviaşirkətlərini yenidən sanksiyalarla hədəf alması fonunda baş verir. Sanksiyalar isə getdikcə daha da sərtləşir. Nəticədə İranla Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkə arasında birbaşa uçuşlar dayandırılıb. AB İranda fəaliyyət göstərən 27 aviaşirkətə sanksiya tətbiq edib. Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan kimi ölkələr İran reysləri üçün xidmətləri dayandırıb. Bütün bunlar ABŞ-İsrail-İran müharibəsi fonunda baş verir”.
Politoloqun fikrincə, bu müharibə sadəcə sözügedən ölkələrə təsir etməklə kifayətlənmir, həm də beynəlxalq hava əlaqələrində geniş miqyaslı fasilələr yaradır:
“Çin və Rusiya da daxil olmaqla bəzi ölkələrə uçuşlar isə ABŞ-nin son tədbirlərinə baxmayaraq davam edir. Lakin dayandırılmış marşrutların bərpası digər hökumətlərlə danışıqlar aparılmasını tələb edəcək.
Şəbnəm Həsənova
Digər tərəfdən iranlılar ABŞ sanksiyalarından yayınmaq üçün pullarını xaricə köçürürlər. Çünki illər ərzində tətbiq edilən sanksiyalar İranın qlobal maliyyə sisteminə çıxışını ciddi şəkildə məhdudlaşdırıb. Artıq alternativ valyuta mübadiləsinə üstünlük verilir. Bəzi məsələlərdə şəxsi razılaşmalar olsa da, onda da etibar və etimad problemi üzə çıxır ki, bu da özü ilə yeni problemlər yaradır.
Kriptovalyutaların alternativ olduğunu görürük, amma şübhəsiz ki, onlar da riskdən sığortalanmayıb. Çünki İranın da böyük kriptovalyuta platformalarına sanksiyalar tətbiq edildiyinin şahidiyik. Bunlara Nobitex, Valex, Bitpin, Ramzinex daxildir. İdxal əməliyyatlarında da gecikmələr yaranıb. Digər tərəfdən İran rialının dəyəri itir. Nəticə etibarilə İran maliyyə böhranı ilə üz-üzə qalıb. Beynəlxalq bank sisteminə çıxışın məhdudlaşdırılması ödənişləri mürəkkəbləşdirir. Valyuta məsələləri əlavə maliyyə yükü yaradır. Ticarət və logistika problemləri artır. Yəni, malların daşınması və çatdırılması gecikir. İran rialının dəyər itirməsi biznes üçün əlverişli sövdələşməni azaldır. Digər tərəfdən geosiyasi qeyri-müəyyənlik yaranır. Müharibə, yeni sanksiyalar və internetdə baş verən fasilələr alternativ sistemlərin etibarlığına zərbə vurur”.
Turan Rzayev
Globalinfo.az