İspaniyada 65 yaşdan yuxarı insanlar evlərini satmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilir ki, onlar evlərini bazar qiymətindən 20-50 faiz ucuz satır, lakin ömürlərinin sonuna qədər həmin evdə yaşamaq hüququnu saxlayırlar.
“Bu üsul “çılpaq mülkiyyət” adlanır. Yəni evin mülkiyyət hüququ alıcıya keçir, amma evdə yaşamaq hüququ satıcıda qalır.
Məlumata görə, bu cür ev satışlarının sayı ildə 2 minə çatıb. Bu üsul xüsusilə Madrid, Barselona, Valensiya və Balear adalarında geniş yayılıb”, – deyə qeyd olunur.
Əmlak eksperti Eduardo Molet bildirib ki, bu sistem İspaniyada XIX əsrdən mövcuddur. Lakin əvvəllər ailələrin birgə yaşaması səbəbindən belə satışlara az rast gəlinirdi.
Onun sözlərinə görə, son 20 ildə ailə münasibətləri və yaşayış tərzi dəyişib.
Yaşlı insanlar öz evlərində tək yaşamağa və ya qocalar evinə köçməyə üstünlük verirlər.
Evini satan şəxs isə əldə etdiyi pulla həyat şəraitini yaxşılaşdıra bilir.
80 yaşlı Angeles Plaza Elias da 9 il əvvəl evini bu üsulla satdığını deyib. O bildirib ki, evində yaşamağa davam edir və satışdan əldə etdiyi pulla istədiyi xərcləri edə bilir.
“Podemos” partiyasının lideri İone Belarra isə bu tendensiyanın İspaniyada mənzil böhranının və sosial bərabərsizliyin göstəricisi olduğunu bildirib.
Onun sözlərinə görə, bəzi yaşlı insanlar daha rahat yaşamaq üçün illərlə yaşadıqları evlərini satmağa məcbur qalırlar.
Əliyar Xəlil
Globalinfo.az