qr 97

Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimov deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə diplomatik korpus nümayəndələrinin səfəri həm siyasi, həm də informasiya baxımından mühüm əhəmiyyət daşıyır:

“Sentyabrın 11-də başlayan və 150 nəfərin iştirak etdiyi bu səfərin zənginliyi ilə yaddaqalan olacağı şübhə doğurmur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa prosesinə beynəlxalq diplomatik dairələrin yerində görməsi əhəmiyyətlidir. Belə ki, diplomatlar bölgədəki vəziyyətlə bağlı məlumatları yalnız müxtəlif mənbələrdən deyil, birbaşa yerində əldə etmək imkanı qazanırlar. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən infrastruktur, iqtisadi inkişaf layihələri və tarixi abidələrin bərpası işləri ilə tanışlıq Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu məqsədləri nümayiş etdirir. Eyni zamanda məqsəddən başqa əzmini də göstərir. Əslində, bu, ciddi mesajdır.

mutellim rehimov 2 e1756729840247 900x628 1
Mütəllim Rəhimov

Qarabağla bağlı müxtəlif siyasi iddiaların fonunda real vəziyyətin xarici diplomatlara göstərilməsi obyektiv fikirlərin formalaşmasına imkan verir. Xüsusilə tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlərin nümayiş etdirilməsi Azərbaycanın tarixinə və gələcəyinə münasibətinin ifadəsidir.

Eyni zamanda, səfər Qarabağın artıq münaqişə və işğal çağırışları ilə deyil, quruculuq işləri ilə təqdim olunur. Burada əsas mesaj yalnız görülən işləri təqdim etmək deyil, Qarabağda formalaşan yeni reallığın dünya diplomatiyası tərəfindən daha yaxından dərk edilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: