hrgzc9dbiaaydzd

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.

Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımda bildirib ki, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Bişkekdə AzərbaycanErmənistan liderləri arasında keçirilən görüşdən sonra Hikmət Hacıyev və Alen Simonyan arasında baş tutan müzakirə də sülh gündəliyi baxımından diqqət çəkir.

“Hacıyev və Simonyan arasında keçirilən görüşdə müzakirə olunan məsələlər faktiki olaraq liderlərin görüşündə müzakirə edilən məsələlərin davamı hesab oluna bilər: Artıq yüksək rütbəli məmurlar arasında keçirilən görüşlərdə məsələlər daha detallı və ətraflı şəkildə müzakirə edilir. Liderlərin görüşündə, əsasən, ümumi məsələlər və prosesin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılır. Bundan sonra isə konkret məsul şəxslər öz səlahiyyətlərinə aid olan məsələləri daha detallı və ətraflı şəkildə müzakirə edir, müvafiq qərarları formalaşdıraraq liderlərə təqdim edirlər.

oqtay qasimov 5 1
Oqtay Qasımov

Hikmət Hacıyev ilə Alen Simonyan arasında baş tutan görüşdə də konkret məsələlərin detallı şəkildə müzakirə edildiyini düşünmək olar. Bunlar ilk növbədə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesinin davam etdirilməsi və onun perspektivləri ilə bağlı məsələlərdir. Bu kontekstdə Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi məsələsi də gündəmdə ola bilər.

Digər mühüm istiqamətlər sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsi, TRIPP dəhlizi və ümumilikdə kommunikasiyaların açılması məsələləridir.

Bundan başqa, Ermənistan və Azərbaycan rəsmiləri ilə yanaşı, qeyri-hökumət sektorunun və media sahəsinin nümayəndələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə fikir mübadiləsinin aparılması da müzakirə olunan məsələlər sırasında ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: