1754694194 6b99cc34ae7819a66a9ac5abb4cbdbe9

2025-ci il avqustun 8-9-da Vaşinqtonda ABŞ lideri Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nokol Paşinyanla keçirdiyi görüş yalnız Cənubi Qafqazdakı proseslərə təsir etmədi. Bu, bütövlükdə dünya siyasətinə təsirini göstərmiş oldu.

Əldə olunan razılaşmalardan və imzalanan mühüm sənədlərdən artıq bir il ötür. Ötən bir il həmin səfərin yalnız diplomatik hadisə olmadığını göstərdi.
Ümumiyyətlə Vaşinqton görüşünün nəticəsini anlamaq üçün görüşdən əvvəlki siyasi vəziyyətə və atılan addımlara baxmaq lazımdır. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları ilə Azərbaycan-Ermənistan münaqişənin hərbi mərhələsini bitdi. Lakin müharibənin başa çatması avtomatik olaraq sülhün yaranması demək deyildi.

Əslində, 2020-ci ildən sonrakı dövrün ən mühüm siyasi sualı məhz bundan ibarət idi: Azərbaycan hərbi qələbəni necə davamlı siyasi nizama çevirəcək?

Diqqətimi çəkən məqam o idi ki, Azərbaycan müharibədən sonra yalnız əldə etdiyi hərbi nəticələri qorumağa çalışan tərəf kimi çıxış etmirdi. Əksinə, yeni siyasi gündəliyi özü müəyyənləşdirməyə çalışırdı. Misal üçün Prezident İlham Əliyev müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsünü irəli sürdü və 2022-ci ildə münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip təqdim edildi. Bu prinsiplər qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasını, bir-birinə qarşı ərazi iddialarından imtinanı, güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinməyi, dövlət sərhədinin delimitasiya və demarkasiyasını, kommunikasiyaların açılmasını və digər sahələrdə əməkdaşlığı nəzərdə tuturdu.

1754694193 fc6b569f18eb6a656f26795c73fe4795

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan sülh gündəliyini mücərrəd “barışıq” çağırışları üzərində deyil, beynəlxalq hüququn klassik dövlətlərarası prinsipləri üzərində qurdu. Başqa sözlə, Bakının ortaya qoyduğu model münaqişənin tarixçəsini sonsuz şəkildə müzakirə etməkdən daha çox, iki dövlət arasında gələcək münasibətlərin hüquqi-siyasi əsaslarını müəyyənləşdirməyə yönəlmişdi.

Bu yanaşmanın siyasi üstünlüyü onda idi ki, müharibədən sonra yaranmış yeni reallıq hüquqi-siyasi çərçivəyə salınırdı. Azərbaycanın əsas məqsədi bundan ibarət idi ki, müharibənin nəticələri müvəqqəti atəşkəs vəziyyəti kimi yox, yeni regional nizamın başlanğıcı kimi rəsmiləşsin.
Lakin bunun qarşısında ciddi maneələr vardı. Ermənistanda revanşist siyasi baxışların qalması, Qarabağ məsələsinin müxtəlif formatlarda yenidən beynəlxalqlaşdırılması cəhdləri, sərhəddə gərginliklər və kommunikasiya məsələsinin uzadılması sülh prosesinin sürətlə tamamlanmasına imkan vermirdi.

Hesab edirəm 2023-cü il burada həlledici dönüş nöqtəsinə çevrildi. Xüsusi ilə 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ölkənin bütün ərazisi üzərində suverenliyi bərpa olundu. Mənə görə bu hadisənin diplomatik əhəmiyyəti onun hərbi nəticəsindən daha böyük idi. Çünki bundan sonra Azərbaycan-Ermənistan münasibətlərində artıq “Qarabağın statusu” üzərindən qurulan əvvəlki danışıqlar modelinin davam etdirilməsi mümkün deyildi. Azərbaycanın mövqeyinə görə, ərazi bütövlüyü məsələsi həll olunmuşdu və bundan sonra danışıqların predmeti iki suveren dövlət arasında sülh və dövlətlərarası münasibətlərin qurulması olmalı idi. Beləliklə, Azərbaycan 2020-ci ildə hərbi müstəvidə dəyişdirdiyi reallığı 2023-cü ildə siyasi-diplomatik gündəliyin başlanğıc nöqtəsinə çevirdi.

Bu, sülh prosesində psixoloji və siyasi üstünlüyün də dəyişməsi demək idi. Münaqişə artıq “status məsələsi necə həll ediləcək?” sualından “iki dövlət yeni reallıq əsasında münasibətlərini necə rəsmiləşdirəcək?” sualına keçirdi. Bu fərq zahirən terminoloji görünə bilər. Əslində isə bütün sülh prosesinin mahiyyətini dəyişən məqam məhz budur.

1754694199 d6f4be00f5909e74169725b326c87df8

Hesab edirəm ölkə başçının irəli sürdüyü beş prinsip bunun ilk mühüm göstəricisi idi. Daha sonra bu prinsiplər danışıqlar prosesinin əsas hüquqi-siyasi sütunlarına çevrildi.

Azərbaycan – ABŞ münasibətlərinə gəldikdə isə iki ölkə 1990-cı illərdən etibarən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə mühüm məzmun qazanmışdı. Lakin sonrakı mərhələdə münasibətlərin inkişaf potensialı tam reallaşmadı. Xüsusilə Co Bayden administrasiyası dövründə ikitərəfli münasibətlər Azərbaycan-Ermənistan münasibətlərinin prizmasından həddindən artıq asılı vəziyyətə düşdü. Prezident İlham Əliyev 2025-ci ilin avqustunda Vaşinqtonda verdiyi müsahibədə əvvəlki administrasiyanın dörd illik dövrünü münasibətlər baxımından “itirilmiş illər” kimi xarakterizə etmiş və Azərbaycan-ABŞ əlaqələrinin Azərbaycan-Ermənistan münasibətlərinə “girov” çevrildiyini bildirmişdi.

Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etməsi, Ermənistanın əvvəlki geosiyasi imkanlarının daralması, Türkiyənin regional rolunun güclənməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi şərait, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və Zəngəzur istiqamətində kommunikasiya imkanlarının gündəmə gəlməsi regionu tamamilə yeni geosiyasi məzmunla yükləmişdi. Bu reallığı köhnə vasitəçilik mexanizmləri ilə idarə etmək getdikcə mümkün deyildi. Vaşinqtonun yeni administrasiyasının fərqi məhz burada meydana çıxdı.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanması bir anda baş vermədi. Prezident İlham Əliyevin Trampa göndərdiyi 21 yanvar 2025-ci il tarixli məktubda Azərbaycan ABŞ-la münasibətlərin yeni prezidentlik dövründə daha da möhkəmlənəcəyinə ümid ifadə etmişdi.

1754694202 23f8c807550fb484ac7742161b0e9f61

Trampın cavab məktublarında da Azərbaycanla əməkdaşlığın enerji, təhlükəsizlik və regional sülh baxımından əhəmiyyəti vurğulanırdı. 2025-ci ilin aprelində Tramp Azərbaycanla ABŞ arasında uzunmüddətli əməkdaşlığı və Azərbaycan-Ermənistan arasında sülh istiqamətində atılan addımları müsbət qiymətləndirdi. May ayında isə o, münasibətlərin təhlükəsizlik əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və enerji sahələrində dərinləşdirilməsi perspektivini xüsusi qeyd etdi.

Uzun müddət sonra Azərbaycan üçün əlverişli siyasi mühit yaranmışdı Çünki Bakı uzun müddət ərzində ABŞ-la münasibətlərini enerji və təhlükəsizlikdən başlayaraq daha geniş strateji çərçivəyə çıxarmağa çalışırdı. Tramp administrasiyasının yanaşması isə bu potensialı daha praqmatik şəkildə qiymətləndirməyə imkan verdi.

Prezident İlham Əliyevin 7–8 avqust 2025-ci ildə Vaşinqtona işgüzar səfəri bu prosesin kulminasiya nöqtəsi oldu. Ağ Evdə Donald Trampla görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Eyni zamanda Tramp 907-ci bölmə ilə bağlı məhdudiyyətin tətbiqindən imtinanın müddətini uzadan qərar imzaladı.

Mənə görə bu iki addımı eyni kontekstdə qiymətləndirmək lazımdır. Çünki 907-ci düzəliş məsələsi yalnız texniki hüquqi məhdudiyyət deyildi. O, ABŞ-Azərbaycan münasibətlərinin siyasi tarixində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəlki yanaşmanın simvoluna çevrilmişdi.

Bu məhdudiyyətin dayandırılması isə münasibətlərin yeni mərhələsində köhnə siyasi yükün aradan qaldırılmasına xidmət edən mühüm addım idi. Lakin daha əhəmiyyətli məsələ Xartiya üçün işçi qrupunun yaradılması idi. Çünki bununla münasibətlərə yeni ad deyil, yeni struktur verilirdi. Əgər əvvəlki mərhələdə Azərbaycan-ABŞ münasibətlərinin əsas dayaqları enerji və təhlükəsizlik idisə, yeni çərçivə regional bağlantı, investisiya, rəqəmsal texnologiyalar, süni intellekt, müdafiə və təhlükəsizlik əməkdaşlığı kimi daha geniş sahələri əhatə etməyə başladı. Deməli, Vaşinqtonda Azərbaycan üçün söhbət ABŞ-la münasibətlərin sadəcə yaxşılaşmasından getmirdi. Münasibətlərin kateqoriyası dəyişirdi.

Vaşinqton görüşünün ən strateji nəticələrindən biri də “TRIPP” təşəbbüsünün ortaya çıxması idi. Ümumiyyətlə bu layihənin bu gün belə bir çoxları tərəfindən düzgün qiymətləndirilmədiyini düşünürəm. Çünki Cənubi Qafqazın tarixində nəqliyyat marşrutları heç vaxt sadəcə nəqliyyat məsələsi olmayıb. Bakı üçün TRIPP həm də sülh gündəliyinin iqtisadi dayağıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması regionun nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir. Ölkə başçısı da dəflərlə qeyd edib ki, TRIPP Orta Dəhlizin mühüm hissəsinə çevrilə, Asiya ilə Avropa arasında yükdaşımaları və enerji, elektrik, fiber-optik bağlantılar üçün yeni imkanlar yarada bilər. Göründüyü kimi Vaşinqtonda təhlükəsizliklə iqtisadiyyat bir-birindən ayrılmadı. Əksinə, biri digərinin təminat mexanizminə çevrildi.

Hesab edirəm 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması uzunmüddətli danışıqların nəticəsi idi. Bu məqamı “ABŞ Azərbaycan və Ermənistan arasında sülh yaratdı” kimi sadələşdirmək də, “ABŞ-ın prosesdə rolu əhəmiyyətsiz idi” demək də düzgün olmaz. Əsl siyasi mənzərə daha mürəkkəb və daha maraqlıdır. Mənə görə durum ən sadə formada belədir. Azərbaycan sülh gündəliyini formalaşdırdı, Ermənistan həmin prinsiplər əsasında danışıqlara qoşuldu, ikitərəfli danışıqlar nəticəsində mətn razılaşdırıldı, ABŞ isə 2025-ci ildə bu prosesi öz siyasi çəkisi ilə yekunlaşdıran, tərəfləri bir masa ətrafında gətirən və əldə edilmiş nəticəni beynəlxalq səviyyədə görünən siyasi hadisəyə çevirən platformanı yaratdı.

Onu da deyim ki, Vasitəçinin rolu ilə prosesin siyasi müəllifliyi eyni anlayış deyil. ABŞ tərəflər arasında sıfırdan sülh formulu yaratmaq əvəzinə, artıq yetişmiş siyasi nəticənin əldə olunması üçün yüksək səviyyəli platforma təqdim etdi. 8 avqustda paraflanmış mətnin özü də bunu göstərir.
Göründüyü kimi, Prezident İlham Əliyev 2025-ci ilin avqustunda ABŞ-a yalnız keçmiş münaqişənin nəticələrini müzakirə etmək üçün getmədi. O, artıq yaranmış yeni reallığın gələcək regional sistemə çevrilməsi üçün getdi. Və Vaşinqtonda ortaya çıxan nəticələr göstərdi ki, Azərbaycan-Ermənistan münaqişəsinin son mərhələsi artıq tərəflərin atacağı bir imzadan aşlıdır.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: