rus

Rusiya ordusu iyunun 2-nə keçən gecə Ukrayna ərazisində yerləşən hərbi və infrastruktur obyektlərinə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar Ukrayna hakimiyyətinin həyata keçirdiyi iddia olunan “terror aktlarına” cavab olaraq təşkil edilib.

Nazirliyin məlumatına görə, Kiyevdəki hərbi obyektlərlə yanaşı, Ukrayna ordusunun istifadə etdiyi yanacaq və nəqliyyat infrastrukturu da hədəfə alınıb.

“Zaporojye, Xarkov və Dnepropetrovsk vilayətlərindəki hərbi aerodromlara, eləcə də Poltava, Xmelnitski və Sumı vilayətlərində yerləşən obyektlərə zərbələr endirilib. Məqsədə nail olunub, nəzərdə tutulan bütün obyektlər vurulub”, – deyə qurum qeyd edib.

Ukrayna rəsmiləri isə ölkənin müxtəlif bölgələrinə raket və dron hücumları həyata keçirildiyini, xüsusilə Kiyev, Dnipro və Xarkovda dağıntılar və itkilərin qeydə alındığını bildiriblər.

Yerli mənbələrin məlumatına görə, hücumlar nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, son günlər həm Rusiya, həm də Ukrayna qarşılıqlı hücumların intensivliyini artırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: