pandemiya

Səhiyyə Nazirliyinin qriplə bağlı xəbərdarlığı ictimaiyyətdə narahatlıq yaradıb. Bildirilib ki, son günlər havaların soyuması fonunda ölkədə kəskin respirator virus infeksiyaları, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Qurum qrip əleyhinə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan vaksin preparatlarının ölkəyə gətirildiyini də vurğulayıb. Məlumata görə, sözügedən vaksinasiya tam ödənişsizdir və əhalinin yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Hazırkı vəziyyət növbəti pandemiyaya işarə ola bilərmi?

Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, qrip əleyhinə vaksinlər ümumilikdə infeksiyanın yayılmasının qarşısını almaqda mühüm rol oynayır:

“Qrip virusu hər il mutasiyaya uğrayaraq yeni formalarda ortaya çıxır. Vaksinlər isə adətən əvvəlki illərdə müşahidə olunan mutasiyaları, eləcə də bir neçə subtipi əhatə edir. Ümumilikdə qrip vaksinləri immun sisteminin normal vəziyyətdə saxlanmasına kömək edir. Spesifik immunitet formalaşdırmaqla birbaşa qripdən qoruyur. Təcrübə göstərir ki, vaksinasiyadan sonra qripə yoluxma hallarında xəstəlik daha yüngül keçir, ağırlaşmalar azalır və infeksiyanın yayılma zənciri qırılır. Bu baxımdan vaksinasiya olduqca faydalıdır”.

adil

Adil Qeybulla

Mütəxəssis bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığını təhdid edən 10 əsas riskdən biri kimi mümkün qrip pandemiyasını da nəzərdə tutur:

“Bu, elmi proqnozdur. Çünki hər il mutasiyaya uğrayan qrip virusu müəyyən mərhələdə pandemiya potensialına malik patogen formaya keçə bilər. Bu baxımdan bəşəriyyət hər il qrip pandemiyası riski ilə üz-üzədir. COVİD-19 da göstərdi ki, ÜST-ün bütün dünyada sanitar-epidemioloji vəziyyəti tam nəzarətdə saxlamaq imkanları məhduddur. Qısa müddətdə pandemiyanın yayılması ilə ciddi problemlər yaşandı. Pandemiyanın tam aradan qalxıb-qalxmadığını demək çətindir. Ayrı-ayrı ölkələrin idarəetmə modelləri, geosiyasi münasibətlər, bəzən düşmənçilik səviyyəsində olan əlaqələr effektiv koordinasiyanın qurulmasına mane oldu. Yalnız vaksinasiya sayəsində infeksiya zəncirini müəyyən qədər qıra bildik. Lakin yetərli və effektiv mübarizə aparılmadığı üçün bu gün də pandemiyanın qalıqları, yəni lokal epidemiyalar davam edir. Ümumilikdə vəziyyət hələ də mürəkkəbdir və hər an yeni risklər yarana bilər”.

Adil Qeybulla qeyd edib ki, yeni qorunma vasitələri, gigiyena və profilaktika vərdişləri həyat tərzinə çevrilməlidir:

“İnsanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Təəssüf ki, bəzi hallarda məsuliyyətsizlik, şayiələr və əsassız iddialar cəmiyyətdə çaşqınlıq yaradır. Halbuki virusların yayılmasının obyektiv və elmi əsasları var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: