Türkiyədə zəlzələ bölgəsində olan azərbaycanlıların təxliyəsi, həlak olanların cənazələrinin ölkəyə gətirilməsi ilə iş bitmiş saymamalıdır. Orada yüzlərlə müəyyən səbəblərdən vətənə qayıda bilməyən azərbaycanlılar var.
Əksəriyyəti hazırda sığınacaqlarda, dost-tanış evlərində müvəqqəti məskunlaşıblar. Kirayə qiymətləri isə ikiqat artıb və təbii ki, bir çoxunun sənədləri, pal-paltarı belə dağıntılar altında qalıb.
Türkiyə dövləti təbii olaraq ancaq öz vətəndaşlarına yardım etməyə çalışır. Bəs azərbaycanlılara kim və necə dəstək olmalıdır? Xarici İşlər Nazirliyi (XİN) hər hansı bir addımı atmağı planlaşdırırmı?
Məsələ ilə bağlı Globalinfo.az-a XİN-dən bildirilib ki, təxliyə işləri müvafiq olaraq, ehtiyaclar əsasında (ilk öncə tələbələr, uşaqlar, qadınlar, yaşlılar) həyata keçirilir:
“Operativ qərargahlarda, ərazilərdə təyin edilmiş şəxslərin sualları və müraciətləri daim cavablandırılır. Amma nəzərə alın ki, müraciətlərin sayı həddən artıq çoxdur”.
Zaira Akifqızı
Globalinfo.az