Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidmətlərinin təşkili ilə bağlı yayılan xəbərlər hələ də müzakirə edilir. Artıq “Bolt” şirkətindən bildirilib ki, bu məqsədlə tətbiqdə xüsusi “hava limanı kateqoriyası” istifadəyə verilib. Qeyd olunur ki, sərnişinlərə komfortlu maşınlar və xarici dil bilən sürücülər xidmət edəcək.
Bu yenilik nəyə əsaslanır? Xarici dil bilən sürücülərin seçilməsi hansı üstünlüklər yarada bilər?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, hava limanlarında taksi xidmətləri müxtəlif ölkələrdə fərqli qaydada təşkil olunur:
“Bəzi ölkələrdə yalnız aeroportun müəyyən etdiyi və ya müqavilə bağladığı taksi şirkəti fəaliyyət göstərir. Bir qismində bütün taksi şirkətləri sərnişinləri hava limanına apara və oradan götürə bilir. Bəzilərində isə qarışıq sistem tətbiq olunur. Məsələn, xüsusi “pikap zona”ları yaradılır və həmin ərazidə həm hava limanının, həm də digər taksi şirkətlərinin xidmət göstərməsinə şərait yaradılır. Ümumiyyətlə, bu praktika bütün dünyada normal qəbul olunur və hər hava limanı sistemi müvafiq qurumlarla razılaşdıraraq özünə uyğunlaşdırır. Azərbaycanda da bu məsələdə xidmət keyfiyyətinə xüsusi diqqət yetirilməlidir”.
Eldəniz Cəfərov
Ekspert qeyd edib ki, ölkəmizdə xarici dil bilən sürücülərin olması zəruridir:
“Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyinə görə turist bölgəsinə çevrilib. Eyni zamanda taksilərdə POS terminalların olması, avtomobillərin saz vəziyyətdə saxlanılması, sürücülərin nəzakətli davranışı və düzgün qiymət siyasəti təmin edilməlidir. Yalnız bu halda həm turistlər, həm də yerli sərnişinlər üçün narazılıqların qarşısı alına bilər”.
Qeyd edək ki, bir neçə gün əvvəl sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi verməyin mümkün olmayacağı və yalnız “London taksiləri”nin işləyəcəyi barədə iddialar yayılmışdı.
Sentyabrın 9-da Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı açıqlama vermiş, hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsinin zəruriliyini vurğulamışdılar.
Ləman İmran
Globalinfo.az














