Anasını doğrayan yeniyetmənin dramı: Bu cinayətin qarşısını almaq mümkün idi?

Anasını doğrayan yeniyetmənin dramı: Bu cinayətin qarşısını almaq mümkün idi?

Xaçmazın Qadaşoba kəndində baş vermiş dəhşətli qətl hadisə cəmiyyəti silkələyib. Belə ki, 15 yaşlı yeniyetmənin anasını telefon üstündə amansızlıqla öldürməsi texnologiyanın uşaqlar üzərindəki dağıdıcı təsirini yenidən gündəmə gətirib. Artıq təkcə ailələr deyil, bütöv cəmiyyət məsələ ilə bağlı həyəcan təbili çalır.

Bu fonda 18 yaşdan aşağı şəxslərə telefon və smartfon satışının və istifadəsinin qadağan olunması təklif olunur. Bəs, bu mümkündür?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev bildirib ki, texnologiyanın inkişafının qarşısını almaq mümkün deyil.

Onun fikrincə, texnologiyalar bundan sonra daha sürətlə inkişaf edəcək və insanlar onun sürəti ilə ayaqlaşa bilməyəcəklər:

“Biz bu gün telefon, televizor və ya digər məişət cihazı alırıq, amma bir ay sonra daha funksional və yaxşısı bazara çıxır. İnsanlar həyatlarını asanlaşdırmaq üçün daim yeni texnologiyalara meyl göstərirlər və bu prosesin qarşısını heç kim ala bilməz. Dünyada artıq süni intellekt və robotlarla bağlı filmlər çəkilir. Ona görə də telefonların 18 yaşdan aşağı uşaqlara qadağan olunması düzgün olmaz. Dünyanın heç bir ölkəsində belə qadağa yoxdur”.

Deputat əlavə edib ki, Azərbaycanda belə qanunun hazırlanması real deyil:

“Valideyn nəzarəti proqramları mövcuddur və onlar vasitəsilə uşaqların internet istifadəsi məhdudlaşdırıla bilər. Məsələn, evdəki WiFi ilə müəyyən saytlara girişin bağlanması mümkündür. Sosial şəbəkələr qadağan edilə və telefon yalnız təhsil məqsədilə istifadə oluna bilər. Bu proqramlar sayəsində uşaqlar yalnız təhsil üçün nəzərdə tutulmuş kontentə çıxış əldə edərlər. Hazırda uşaqlar həm smartfonlardan, həm digər elektron vasitələrdən təhsil məqsədilə də istifadə edirlər. Azərbaycan hökuməti isə məktəbləri sürətli internet və kompüterlərlə təmin edir. Buna görə də 18 yaşdan aşağı uşaqlara telefon qadağası qoymaq doğru yanaşma deyil”.

Anasını doğrayan yeniyetmənin dramı: Bu cinayətin qarşısını almaq mümkün idi?

Razi Nurullayev

Razi Nurullayev bildirib ki, uşaqların təhsil almaq üçün internetdən istifadəsi artmaqdadır:

“Ananın qətlə yetirilməsi bir ailənin faciəsidir. Məktəblərdə və valideynlər arasında maarifləndirmə işləri gücləndirilməlidir. Dövlət səviyyəsində uşaqların baxa biləcəyi kontentlə bağlı prosedurlar müəyyənləşdirilməli, zərərli məzmunlara inzibati və texnoloji məhdudiyyətlər tətbiq olunmalıdır. Amma buna baxmayaraq, problemin tam həlli yoxdur, çünki VPN kimi proqramlarla bloklanmış məzmunlara giriş mümkündür”.

Deputat əlavə edib ki, uşaqların beyni bizim beynimizdən daha sürətlə işləyir:

“2026-cı ildə dünyaya gələcək uşaqların kompüter beyni ilə doğulacağı deyilir. Ona görə də texnologiyanın uşaqlara zərər vermədən istifadə edilməsinə şərait yaradılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az