“Türkiyə sərhəddə ilişib qalan yük maşınları problemini tezliklə həll edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiqi deyib.
O bildirib ki, yanacaq vergisi ilə bağlı mübahisələr səbəbilə iki ölkə sərhədində ilişib qalan yük maşınları probleminin həllinə nail olmaq üçün Türkiyə ilə iş aparılır.
“Biz bu problemin tam və əsaslı şəkildə həlli üçün intensiv danışıqlar aparırıq”, – o, vurğulayıb.
Xatırladaq ki, İran avtomobillərinin yanacaq vergisindən azad olunmaması mindən çox İran yük avtomobilinin Türkiyə ilə sərhəddə ilişib qalması ilə nəticələnib. Bu, Türkiyənin xüsusi istehlak vergisinin 155 faizinə bərabər yanacaq vergisini ödəyə bilməyəcəklərini deyən yük maşını sürücüləri arasında hiddət doğurub. Türkiyə rəsmiləri bildiriblər ki, yeni tədbir İranın xarici yük maşınlarından yanacaq vergisi almasına cavab olaraq atılıb. İran Türkiyənin yeni yanacaq vergisi siyasətinə cavab olaraq yanvarın 3-dən türk yük maşınlarına yanacaq tədarükünü dayandırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az