97c4f6f9 d40e 3928 964c e121cca51fe0

İranda səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi.

Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı 27 yanvar 2023-cü ildə həyata keçirilən terror aktı haqda danışarkən deyib.

Prezident xatırladıb ki, terroru törədən şəxs ertəsi gün psixi xəstə elan edildi:

“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”.

“Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, – İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, – ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.”, – deyə Prezident İlham Əliyev bildirib.

Paylaş: