
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə danışıqlar aparmaq üçün Akorda iqamətgahına gedib.
Liderlər öz nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər.
Daha sonra Rusiya və Qazaxıstanın dövlət himnləri səsləndirilib.
Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.
Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.
Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.
***11:42
Qazaxıstan paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı hərbi aviasiya və zirehli texnikanın istifadəsi də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Astana şəhər administrasiyasının saytında məlumat verilib.
Məlumata görə, Qazaxıstanın paytaxtında tətbiq edilən tədbirlər xüsusi dövlət, hüquq-mühafizə orqanlarının və respublikanın silahlı qüvvələrinin resurslarından, o cümlədən hərbi aviasiya və texnikadan istifadəni nəzərdə tutur. Noyabrın 27-də Qazaxıstan Müdafiə Nazirliyinin cəbhə aviasiyasının Astana üzərində uçuşu planlaşdırılıb.
Bundan başqa, noyabrın 28-də Astana küçələrinin bəzi hissələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.
Qeyd edək ki, Vladimir Putin noyabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ölkəyə səfər edəcək. Ölkə liderləri ikitərəfli danışıqlar aparacaqlar. Onlar, həmçinin, Qazaxıstan və Rusiyanın XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.
Noyabrın 28-də Qazaxıstan prezidentinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək ki, iclasda Rusiya lideri də iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.