Azərbaycanın Əfqanıstanla bağlı strateji planı – Özbəkistandakı görüşün pərdəarxası

Azərbaycanın Əfqanıstanla bağlı strateji planı – Özbəkistandakı görüşün pərdəarxası

Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib. Tədbir çərçivəsində Şahin Mustafayev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.

Səfər zamanı Şahin Mustafayev həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb. Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

Əfqanıstanla Azərbaycanın hazırda münasibətləri, əlaqələri hansı səviyyədədir? Bu ölkə bizə nə kimi üstünlüklər qazandıra bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan Şərq dünyası ilə münasibətləri gücləndirir:

Azərbaycanın Əfqanıstanla bağlı strateji planı – Özbəkistandakı görüşün pərdəarxası

Zeynal Əmrəliyev

“Mərkəzi Asiya, uzaq Şərq ölkələri ilə münasibətlər inkişaf etdirilir. Mərkəzi Asiya və Türk dünyası ilə əməkdaşlıq çərçivəsində əlaqələrin yaxşılaşdırılması çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin xüsusi diqqətində olan məsələdir”.

Politoloqun sözlərinə görə, prosesdə Əfqanıstan diqqətdən kənar qala bilməz:

“Əfqanıstan regionun mərkəzində, strateji yolların üzərində yerləşən ölkədir. Rəsmi Kabil və Bakını tarixi bağlılıq da birləşdirir. Vaxtilə hər ikisi Səfəvilər imperiasının idarə edilməsində iştirak etmiş xalqlardır. Ona görə də indi iki ölkənin münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Reallığı dərk etmək və bunu düzgün qiymətləndirmək lazımdır. Hazırda Əfqanıstanda Taliban hökuməti hakimiyyətdədir. Talibanın Əfqanıstanda ikinci dəfə hakimiyyətə gəlməsinə Azərbaycan münasibət bildirmədi. Bir müddət keçdikdən sonra dünya ölkələrinin Talibana münasibəti kontekstində Azərbaycan da Əfqanıstanla əlaqələrin bərpası istiqamətində addım atdı. Diplomatik münasibətlərin qurulması, ikitərəfli əlaqələrin bərpası və digər sahələrdə əməkdaşlığın qurulması buna aiddir. Şahin Mustafayevin Əfqanıstan Baş naziri ilə görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az