Son vaxtlar müxtəlif media orqanlarında ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olub-olmaması ilə bağlı sorğular keçirilir. Adətən bu sorğularda hər iki xalq müharibə istəmədiyini, lakin birgəyaşayışa hazır olmadığını bildirir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, birgəyaşayış Azərbaycan vətəndaşlığının qəbul ediləcəyi təqdirdə mümkündür:
“Rəsmi Bakı Qarabağdakı ermənilərə birgəyaşayış üçün şərait yaratdı. Lakin ermənilər İrəvana getmək istədilər. Azərbaycanda 30 mindən çox erməni yaşayır, ölkə vətəndaşı kimi bütün sahələrdə yer alırlar.
Cavanşir Paşazadə
Əslində, torpaqları 30 il işğalda qalan, şəhid verən xalq üçün birgəyaşayış çətindir, amma daha əvvəl də dünyada müharibələr, qırğınlar olub və sonda xalqlar barışıblar. Ölkəmizin müstəqilliyini gücləndirmək üçün müharibə yox, dostluq, həmrəylik, qonşu ölkələrlə normal münasibətlərin qurulması lazımdır.
Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtması haqqında da fikirlər səsləndirilir. Qarabağ erməniləri Azərbaycanın şərtlərinə uyğun şəkildə birgəyaşayışı qəbul edəcəklərsə, eləcə də vətəndaşlarımızın Qərbi Azərbaycana qayıtması üçün şərait yaranacaqsa, bu zaman birgəyaşayış reallaşa bilər”.
Safura Bənnayeva
Globalinfo.az