Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib ki, Ankara Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasını dəstəkləyir.
Sitat:
“Biz sənədin imzalanmasına çalışırıq. ABŞ-da da eyni mövqedən çıxış edirlər. Əminik ki, normallaşma regionun maraqlarına uyğundur”.
Son günlər sülh prosesi ilə bağlı müsbət mesajlar verilsə də, bəzi suallar açıq qalır. Maraqlıdır, proseslərin arxasındakı güc Qərb və ABŞ-dır, yoxsa Rusiya-Türkiyə tandemi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, 7 dekabr tarixində həm növbədənkənar prezident seçkilərin elan olunması, həm də Azərbaycan Respublikasının Prezident Administrasiyası ilə Ermənistan Baş nazirinin aparatı arasında hərbçilərin buraxılmasına dair əldə olunan razılaşma böyük maraq doğurur:
“Bu razılaşmanın hansı güc mərkəzləri tərəfindən tövsiyə olunması müzakirə predmetidir. Maraqlıdır ki, razılaşmanın mətnində hansısa vasitəçinin adı qeyd edilməyib. Yəni bu, razılaşmanın vasitəçilər olmadan Ermənistanla Azərbaycan arasında imzalandığı deməkdir.
İlyas Hüseynov
Burada hansısa güc mərkəzinin istəyi də rol oynaya bilər, lakin iki ölkənin ortaq qərarı daha mühüm detaldır. Yəni rəsmi İrəvan və Bakı vasitəçi olmadan daha ciddi addımlar ata bilirlər.
Bildiyiniz kimi, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı tədbirə ev sahibliyi edəcək. Burada Ermənistanla Bolqarıstan da namizəd idi. Lakin hər iki ölkə Azərbaycanın xeyrinə geri addım atdı. Ermənistanın xüsusilə belə bir addım atması önəmli jestdir. Bütün bu məqamlar sülhə inamı artırır.
O ki qaldı sülh müqaviləsinin ilin sonunda imzalanmasına, bu haqda danışmaq çətindir. Sülh istiqamətində mühüm addımlar atılıb, lakin hələ ki müqavilənin imzalanması mənasına gəlmir. Buna zaman lazımdır”.
Turan Rzayev
Globalinfo.az