Rusiyanın məkrli Qarabağ planı: Sülh müqaviləsindən sonra…

Ötən gün rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması haqqında məlumat yayılıb. Məlumatda uçuşun 03.11.2022-ci ildə, saat 17:21-də RFF7935 nömrəli reys ilə baş tutduğu qeyd edilib.

Digər diqqətçəkən məqam isə Rusiyadan Qarabağdakı separatçı-terrorçular üçün göndərilən silah-sursatın İran üzərindən İrəvan aeroportuna çatdırılıb, daha sonra oradan Laçın dəhlizindən keçməklə Xankəndiyə daşınmasıdır.

Rusiya regionda özünə olan “ehtiyac”ı artırmağa çalışır

Xankəndidəki “izdihamlı” təxribat xarakterli “mitinq”dən sonra Rusiyanın separatçılara silah daşıması, əslində, təəccüblü deyil. Belə ki, Rusiya sülhməramlılarının 5 ilin tamamında regiondan çıxmalı olduğunu yaxşı bilir və bununla barışmaq istəmir. Kreml “sülhməramlı istəyi”nə nail olmaq üçün regionda özünə olan “ehtiyac”ı artırmağa çalışır.

Prinsip etibarilə rəsmi Moskva Xankəndidə təşkil edilən mitinq ilə bu əməlini açıq şəkildə ifadə etdi. Mitinqin məhz Soçi görüşündən əvvəl baş tutması da proseslərin Kremlin mətbəxindən çıxdığını təsdiqləyir.

Rəsmi Moskva Soçi görüşündən bir gün öncə Xankəndidəki mitinq təxribatı ilə “ermənilər Azərbaycan vətəndaşlığını istəmir” rəyini formalaşdırmağa çalışdı. Lakin Prezident İlham Əliyevin Soçi görüşündən əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə səsləndirdiyi “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir” fikirləri Kremlin bu niyyətini blokladı. Buna görə də Rusiya hazırda sülhməramlıların regionda qalması üçün “B” planını işə salıb.

Kremlin “B” planı

Rus sülhməramlıların “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silah daşıması onu deməyə əsas verir ki, rəsmi Moskva Qarabağda “etnik münaqişə” kartının daim aktual qalmasında maraqlıdır. Başqa cür desək, Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasını istəsə belə, Qarabağda “etnik münaqişə”nin bitməsini istəmir.

Digər tərəfdən, Rusiya Azərbaycanın antiterror əməliyyatı keçirə biləcəyinin də fərqindədir və buna görə separatçıları müqavimət göstərmələri üçün silahlandırır.

Bakının cavabı

Rusiyanın separatçılara dəstəyinə baxmayaraq, Bakının həm hərbi, həm də siyasi baxımdan proseslərə müdaxilə etmək imkanları var:

Birincisi, Prezident İlham Əliyevin Putinlə görüşdə səsləndirdiyi “münaqişə iki il öncə başa çatıb və Qarabağ, orada yaşayan ermənilər Azərbaycanın daxili məsələsidir” sözləri rəsmi Bakının prosesləri siyasi olaraq bitirdiyini göstərir.

İkincisi, separatçılara silahın daşınması faktının aşkarlanması 10 noyabr bəyanatının pozulması deməkdir. Çünki bəyanatın müvafiq bəndinə görə, dəhliz yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər. Bu halın aşkarlanması Bakıya Laçın dəhlizinə nəzarət məsələsini aktuallaşdırmaq imkanı verir.

Turan Rzayev, Globalinfo.az