“Rusiya–Ukrayna mövzusu üzrə aparılan “şatl diplomatiyası” absurd teatrını xatırladır. Qanlı, məntiqə və sağlam düşüncəyə zidd bir teatr. Artıq çox deyilib ki, Rusiya rəhbərliyinin təcavüzün ilk günündən etibarən aydın və anlaşıqlı şəkildə bəyan edilməyən məqsədi hələ də sirr olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, hərbi nəzarət altına alınmış ərazilər, o cümlədən Krım, referendum keçirilmədən Ukrayna Konstitusiyasına əsasən Rusiyaya verilə bilməz:
“Bu isə o deməkdir ki, nə Ukrayna Prezidenti Volodimir Zelenski, nə də başqa hər hansı şəxs Konstitusiyanı pozmadan bu variant üzrə danışıqlar aparmaq, hətta onu müzakirə etmək hüququna malikdir. Deməli, bu ərazilərin gələcək statusu atəşin dayandırılmasına və tərəflərin bir-birinin kritik infrastrukturunu məhv etməsinə son qoyulmasına yönəlmiş hərbi-texniki razılaşmanın tərkib hissəsi ola bilməz.
Beləliklə, atəşkəs haqqında razılaşmanın imzalandığı anda təmas xəttinin konfiqurasiyasından asılı olmayaraq, bu və ya digər ərazilərin beynəlxalq hüquq normaları baxımından siyasi statusu dəyişməz olaraq qalacaq — işğal olunmuş ərazilər.
Buna görə də Rusiya Federasiyası Prezidentinin “Qələbə” elan etmək məqsədi mümkün deyil və reallaşa bilməz. Bunun çox sadə bir səbəbi var: “Kiyevi üç günə ələ keçirmək” alınmadı və cəbhədəki vəziyyətə baxsaq, “33 ilə” də alınmayacaq…
Həmçinin açıq-aydın görünür ki, yalnız real olaraq mümkün hərbi-texniki razılaşmadan sonra formalaşa biləcək siyasi gələcək də Kremlin indiki hakimiyyəti üçün, yumşaq desək, nə uzunömürlü, nə də şərəfli görünür”.
Safura Bənnayeva
Globalinfo.az