84 alim ölkə rəhbərliyinə müraciət etdi: “Dövlət büdcəsindən elmə ayrılan vəsait artırılsın”

84 alim ölkə rəhbərliyinə müraciət etdi: “Dövlət büdcəsindən elmə ayrılan vəsait artırılsın”

Milli Məclisdə 2023-cü ilin gəlir-xərcləri müzakirə olunduğu günlərdə Azərbaycanın yüzə yaxın alimi ölkə rəhbərliyinə müraciət edərək dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin artırılmasını xahiş edib. Radiasiya Problemləri, Fizika, Riyaziyyat, Kataliz və qeyri-üzvi kimya elmi-tədqiqat institutlarının aliminin imzaladığı müraciətdə qeyd edilir ki, hazırda elmin cihazlarla təminatı çox aşağı səviyyədədir. AMEA sistemində işləyən elmlər doktorlarının, professorların, fəlsəfə doktorlarının, dosentlərin və başqalarının əməkhaqları Azərbaycan universitetlərində işləyən alimlərin əməkhaqqından 2,5-3 dəfə aşağıdır.

“Bu gün Azərbaycan elmə ÜDM-dən ən az pul ayıran ölkələr sırasındadır” deyən alimlər ölkə rəhbərliyindən elm sahələrinin müasir cihazlarla təmin edilməsi, alimlərə yüksək əməkhaqqı verilməsi üçün büdcədən elmə ayrılan vəsaitin ÜDM-in 1-1,5 faizinə çatdırılmasını xahiş ediblər.

Milli Məclisin üzvü, iqtisadçı-alim Əli Məsimli hesab edir ki, Azərbaycanda 2013-cü ildə hazırlanan Təhsilin İnkişafı haqqında Dövlət Strategiyası yenidən 2023-2030-cu illər üzrə işlənilməlidir. Onun sözlərinə görə, yeni strategiya çərçivəsində təhsilə dövlət tərəfindən ayrılan vəsaitin indiki ÜDM-nin 4 faizindən 6 faizinə qaldırılması üçün mərhələli şəkildə işlər aparılmalıdır: “Bu addımla təhsil sektorunda çalışanların həm əməkhaqqı orta əməkhaqqının üzərinə çıxarılacaq, həm də təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində güclü addımlar atmaq mümkün olacaq”.

Deputat hesab edir ki, elmin maliyyələşməsi, inkişafı ilə hər bir ölkənin inkişafı arasında qarşılıqlı asılılıq var: “İnkişaf etmiş ölkələrin əksəriyyətində elmə ayrılan vəsait adambaşına 700 ABŞ dollarından, ABŞ, Yaponiya və İsraildə bu göstərici 1 500 ABŞ dollarından çoxdur, Azərbaycanda isə bu rəqəm 20 ABŞ dollarından da aşağıdır. Belə bir səviyyədə elmin inkişafından danışmaq olmaz. Bu istiqamətdə də xüsusi proqram hazırlanmalı və elmə dövlət tərəfindən ayrılan vəsaitin islahatlar konteksində ÜDM-nin 0,2 faizindən mərhələlərlə 2 faizinə qaldırılması istiqamətində təcili tədbirlər görülməlidir”.

Qeyd edək ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında müəyyən edilmiş 5 milli prioritetdən biri “rəqabət qabiliyyətli insan kapitalı”nın formalaşdırılmasıdır. Maliyyə Nazirliyindən verilən məlumata görə, Strategiya ilə nəzərdə tutulmuş hədəfləri mərhələlərlə təmin etmək üçün 2023-cü ildə təhsil xərcləri 4 milyard 423 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 537 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəricilərinə nisbətən isə 1 milyard 331 milyon manat və ya 43 faiz çox deməkdir.

2019-cü illə müqayisədə 2023-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2 milyard 227 milyon manat və ya 2 dəfə artıq olacaq.

84 alim ölkə rəhbərliyinə müraciət etdi: “Dövlət büdcəsindən elmə ayrılan vəsait artırılsın”

Gələn il 150 min nəfərədək uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149,0 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407,0 milyon manat vəsait proqnozlaşdırılıb.

2022-ci ilə nisbətən dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayının 12,2 min nəfər, təqaüdalanların sayının isə 9,5 min nəfərdən çox artacağı gözlənilir.

Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığına rəvac verən tələbə krediti fondu üçün 8,0 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaq.

Cari ilə nisbətən gələn il gözlənilən 537 milyon manatlıq artımdan 27,8 milyon manatı məktəbəqədər təhsilin, 8,1 milyon manatı ümumi təhsilin, 0,3 milyon manatı peşə təhsilinin, 27,5 milyon manatı ali təhsilin, 3,1 milyon manatı əlavə təhsilin, 290,8 milyon manatı təhsil sahəsində digər tədbirlərin (dərsliklərin çapı, 2022-26-cı illər üzrə Strategiya ilə qarşıya qoyulan vəzifələrin icrası, İKT və s.) payına düşür. Qalan 180 milyon manat vəsait növbəti ildə əməyin ödənişi xərclərinin tənzimlənməsinə sərf ediləcək.

Bundan əlavə, təhsil sahəsində digər tədbirlər çərçivəsində 2023-cü ildə dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılacaq 175,5 milyon manat vəsait uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin saxlanması və fəaliyyətinin maliyyə təminatı ilə bağlı xərclərə yönəldiləcək.

Gülnar Səlimova
Globalinfo.az