Pezeşkian və Putinin Bakını da maraqlandıran qərarı – İki liderin hədəfi nədir?

Pezeşkian və Putinin Bakını da maraqlandıran qərarı - İki liderin hədəfi nədir?

İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq.

“Bu layihə üzərində iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri işləyir. Layihə baxılması üçün prezidentlərin administrasiyasına təqdim olunub. Sənəd hazır olan kimi dövlət başçıları tərəfindən imzalanacaq”, – Cəlali bildirib.

Sözügedən sazişin Cənubi Qafqaza hansı təsirləri ola bilər?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rusiya-İran münasibətləri tarix boyu dəyişkən olub:

“Bu iki ölkənin bir-birinə ehtiyacı olduğu qədər aralarında rəqabət də var. Hazırda biz Moskva və Tehranın bir-birinə ehtiyacının olduğunu görürük. Rusiya-Ukrayna müharibəsi və İran-İsrail gərginliyi Tehranla Moskvanı bir-birinə yaxınlaşdırır.

Pezeşkian və Putinin Bakını da maraqlandıran qərarı - İki liderin hədəfi nədir?

Qabil Hüseynli

Əslində, iki ölkə arasında belə bir sənədin gec-tez imzalanacağı da gözlənilirdi. Amma mən bunun bizə qarşı olduğunu düşünmürəm. Prinsip etibarilə Azərbaycanla Rusiya Moskva Bəyannaməsini imzalayıb. Yəni bu, İrana ya da başqa bir ölkəyə yönəlmədiyi kimi, İranla Rusiya arasında imzalanması nəzərdə tutulan saziş də bizə qarşı deyil. Onu da deyim ki, bu gün iki ölkənin Azərbaycana ehtiyacı var”.

Politoloq Vaqif Hüseyn isə deyib ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanarsa, bunun Cənubi Qafqaza neqativ təsirləri olacaq:

“Həmin saziş xüsusilə bizi yaxından maraqlandırır. Onsuz da Rusiya-İran yaxınlaşması özündə həm region, həm də ölkəmiz üçün təhdid elementləri ehtiva edirdi. İndi bu ikilinin rəsmi səviyyədə müttəfiq olması həmin risk faktorlarını real təhdid halına gətirəcək.

Pezeşkian və Putinin Bakını da maraqlandıran qərarı - İki liderin hədəfi nədir?

Vaqif Hüseyn

Azərbaycan belə hal qarşısında strateji siyasətini gözdən keçirməli olacaq. Çünki bu iki ölkə ilə sərhədimiz var və bizə münasibətləri heç də birmənalı deyil. İran Azərbaycanın güclənməsini özünə təhdid hesab edir. Bakı-Ankara xəttində əməkdaşlığın dərinləşməsi də Tehranı narahat edirdi. Hesab edirəm, Azərbaycan bu saziş fonunda Türkiyə və Qərblə mövqelərini bir qədər də sağlamlaşdırmalıdır. Yəni regionda İran-Rusiya birliyi olacaqsa, Ankara və Bakı da buna uyğun olaraq münasibətləri sıxlaşdırmalıdır”.

Turan Rzayev
Globalinfo.az