Ermənistanla Rusiya arasında strateji əməkdaşlıq uzun illərdir Cənubi Qafqazın siyasi və hərbi xəritəsini müəyyən edən əsas amillərdən biridir. Lakin son zamanlar Moskva-İrəvan münasibətlərində ciddi gərginliklər müşahidə olunur. Bu gərginlik həm iqtisadi, həm də hərbi sahədə özünü göstərir və regionun təhlükəsizlik balansına təsir edir.
Ermənistanda yerləşən Rusiya Federasiyasının 102-ci hərbi bazası regionun ən böyük və strateji əhəmiyyətli hərbi obyektlərindən hesab olunur. İrəvanın Moskva ilə əlaqələrinin gərginləşməsi bazanın statusu və roluna dair müzakirələri intensivləşdirib. Xüsusilə Ermənistanda çevriliş cəhdinin qarşısının alınması və hökumətin Rusiyanı ölkənin daxili işlərinə qarışmağa cəhddə ittiham etməsi bu baxımdan diqqət çəkir. Ekspertlərin fikrincə, sözügedən baza Ermənistan daxilində status-kvonu dəyişməyə və regional təhlükəsizlik vəziyyətini yenidən tənzimləmə potensiala malikdir.
Moskva proseslərin gedişatında İrəvanda bu baza vasitəsilə çevrilişə cəhd edə bilərmi?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində iki qarnizonda yerləşir:
“Biri Gümrüdə, digəri isə İrəvan yaxınlığındakı Erebuni aerodromudur. Əvvəllər baza təxminən 4 min nəfər şəxsi heyətə malik olsa da, Ukrayna müharibəsindən sonra oradakı bir sıra mütəxəssislər cəbhəyə göndərilib. Nəticədə 2024-cü ildən sonra bazada təxminən 3 min nəfərə yaxın şəxsi heyət qalıb.
Baza Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tərkibinə daxildir və S-300P S-1 zenit-raket kompleksləri, MİQ-29 qırıcıları, Mİ-24 və Mİ-8 helikopterləri ilə təchiz olunub. Bundan əlavə, bazanın tərkibində kifayət qədər yük avtomobilləri, zirehli transportyorlar, piyadaların döyüş maşınları, atıcı silahlar, artilleriya vasitələri və reaktiv yaylım atəş sistemləri mövcuddur. Lakin onların dəqiq sayı Ukrayna müharibəsi səbəbindən dəyişikliklərə məruz qaldığı üçün açıq mənbələrdə göstərilmir”.

Ədalət Verdiyev
Ekspert bildirib ki, bazanın şəxsi heyəti indiyədək bir çox kriminal hadisələrlə yadda qalıb:
“Xüsusilə Gümrüdə yerləşən hərbi bazanın şəxsi heyəti yerli əhali ilə qarşıdurmalara səbəb olub.
Vətən müharibəsindən sonra İrəvanla Moskva arasında ciddi gərginlik yaranıb. Ermənistan tərəfi ümid edirdi ki, ərazisində yerləşən və xərcləri Ermənistan hakimiyyəti tərəfindən qismən qarşılanan baza Azərbaycanla müharibədə aktiv iştirak edəcək. Lakin bu, baş vermədi və nəticədə iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdi.
Hazırkı vəziyyətdə Rusiyanın Ermənistandakı qoşunlarının vəziyyəti dəyişəcək hansısa addım atacağını düşünmürəm. Çünki kontingentin sayı kifayət etmir və 102-ci hərbi hissənin şəxsi heyəti qısa zamanda belə bir missiyanı həyata keçirmək iqtidarında deyil. Bu bazanın Ermənistan ərazisində 2044-cü ilə qədər qalması üçün razılaşma mövcuddur. Lakin İrəvan hökuməti bazanı çıxarmaq üçün müəyyən planlar qura, vasitələrə əl ata bilər”.
Turan Rzayev
Globalinfo.az














