Xəbər verdiyimiz kimi, Azərbaycanda 21 yaşına çatmış vətəndaşlar mülki odlu silah əldə edə biləcəklər. Bununla bağlı “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin 7 mart tarixində keçirilən plenar iclasında qərar qəbul olunub. Buna qədər mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18 idi. Lakin qərar ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət 21 yaşın da az olduğunu, bu yaşda gənclərin tam formalaşmadığını iddia edir. Bu təklifin müəlliflərinin fikirlərinə görə, odlu silah əldəetmə yaşının 35-ə kimi artırılmalıdır.
Yeni qərar qüvvəyə mindikdən sonra 21 yaşlı gənclərin silah alıb, cinayət törətməsi halları çoxala bilərmi?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza qəbul edilən qanunun birmənalı qarşılanmadığını vurğulayıb.
O, digər ölkələrdə bu yaşın normal olduğunu deyib:
“Əslində, dünya təcrübəsinə nəzər salsaq, silah əldə etmək üçün 21 yaş normaldır. Sadəcə, Azərbaycan gerçəklikləri ilə baxdıqda bu, bir az uyğunsuz görünə bilər. Cinayətlərin çoxalması, ağır cinayətlərin törədilməsi və s. məsələsinə gəldikdə isə, onsuz da bununla bağlı bir mexanizm olacaq, hər şey süzgəcdən keçiriləcək.
Rəşad Rza
İstənilən şəxs gedib silah ala bilməyəcək. Silahın kimə satılmasına baxılacaq. Əsas o mexanizmin güclü olmasıdır. Hansısa qanunun qüvvəyə minməsi elə də önəmli deyil, onun icrasında düzgünlüyə əməl edilməsidir”.
Qeyd edək ki, ölkədə xidməti və mülki silah əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri, təhsil müəssisələri aiddir.
Zaira Akifqızı
Globalinfo.az














