Ziyarətgahlara getmək doğru addımdır? – Ekspertdən maraqlı izah

Ziyarətgahlara getmək doğru addımdır? - Ekspertdən maraqlı izah

İctimaiyyətdə ziyarətgahlarla bağlı məsələlər zaman-zaman müzakirə edilir, mübahisələrə səbəb olur. Bəziləri ziyarətgahlara getməyin dinə, islama zidd olduğunu və Allaha şərik qoşmaq anlamına gəldiyini qeyd edirlər. Ziyarətgahları, övliyaların məzarını ziyarət etmək, o ünvanlardan kömək istəmək təkcə şərq xalqlarına, müsəlmanlara aid deyil, Avropada da buna bənzər ənənə yaşayır.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bunlara səbəb dinin insanlara yetərincə çatdırılmamasıdır.

“Hətta bizim bəzi özünə din xadimi, molla deyənlərin özləri də Qurani-Kərimi insanlara kifayət qədər çatdıra bilmirlər. Halbuki ayələrin arxasında dərin mənalar var. İslamı dərindən öyrənmək insanın mənəvi inkişafına zəmin yaradır. Bu gün namaz qılanların 80-90 faizi namazda dedikləri sözlərin mənasını bilmirlər. İnsan bütün günü bilmədiyi sözləri deyir, oturur-qalxır, amma nə dediyinin anlamır. Psixologiyada belə bir şey var – adam bilmədiyi şeyi çox təkrar edən zaman beyində kütləşmə gedir. Olmazmı ki, insanlara namaz qılmağın vacib olduğunu çatdırdığımız kimi, sözlərini də bilməyin vacib olduğunu izah edək?!”

Sosioloq qeyd edib ki, islamı olduğu kimi öyrədə bilmədikdə boşluq yaranır:

“Quranı bir neçə dəfə oxuyan şəxs olaraq deyirəm ki, Quran da Allaha şərik qoşmağı məsləhət bilmir. Amma insanlar Quranın kəlməsini bilmədən, etdikləri duaların mənasından xəbərsiz olaraq deyirlər ki, “filan yerə getsək, ora bizə kömək edəcək”.

Ziyarətgahlara getmək doğru addımdır? - Ekspertdən maraqlı izah

Əhməd Qəşəmoğlu

Ə.Qəşəmoğlu bildirib ki, ziyarətgahların doğrudan da bir hikməti var: “Sadəcə, o hikməti insanlara doğru çatdırmaq lazımdır. Yer üzünün elə yerləri var ki, orada kainatla əlaqə energetikası güclüdür. Necə ki, insanın bədənində həssas nöqtələr var və ora toxunduqda müalicə etmək və ya öldürmək olur, eləcə də yer üzündə həssas yerlər var. Amma bura gedəndə vasitə kimi, həqiqi islamın dəyərlərindən istifadə edərək getmək lazımdır. Yoxsa ki, gedib cibində olan pulları fırıldaqçıya verib Allahı ikinci plana atmaq avamlıq, cəhalətdir. Belə olan zaman günahı təkcə cəmiyyətdə axtarmaq da düz deyil. Bu məsələlərə məsul olan insanlarda cavabdehlik daşıyır. Pandemiya dövründə bir dəfə görmədik ki, dindarlar islamın potensialından doğru-düzgün istifadə etmək barədə maarifləndirmə işi aparsınlar. Ona görə də savadsız və qeyri-peşəkar münasibət vəziyyəti bu həddə çatdırır”.

Zaira Akifqızı
Globalinfo.az