Zəngəzurda ABŞ masası: Dəhlizin açılış lentini Obrayen kəsəcək?

“Ceyms Obrayenın ölkəmizə səfəri indiki məqamda diqqət çəkir. Xüsusilə onun Prezident İlham Əliyevlə görüşü zamanı “Orta dəhliz” və digər məsələləri müzakirə etməsi çox mühüm idi”.

Bu sözləri Globalinfo.az -a politoloq Oqtay Qasımov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ceyms Obrayenin Azərbaycana səfəri zamanı səsləndirdiyi iki fikir xüsusilə diqqət çəkir:

“Birincisi, qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının artıq zamanı gəlib. Ümumiyyətlə ABŞ ilə Azərbaycan arasında bu məsələdə ortaq fikrin olması müsbətdir. Lakin Ermənistan tərəfi hələ də problemlər yaradır. Xüsusilə Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olması İrəvanın mövcud qanunları dəyişməsini vacib edir.

Rəsmi İrəvan isə bunda o qədər də istəkli deyil. Ümumiyyətlə bu proses ləng gedəcək. Yəni ABŞ bu məsələdə Ermənistana təzyiq etsə, sülhə ən böyük töhfə vermiş olar.


Oqtay Qasımvov

İkincisi, Obrayen Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıb. Onun dediklərindən belə nəticəyə gəlmək olar ki, ABŞ da Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Lakin bununla belə dəhliz ilə bağlı problemlər var.

Məsələ ondadır ki, Bakı və İrəvanın məsələyə baxışı çox fərqlidir. Ermənistan məsələnin həllini yol prinsipi ilə, Azərbaycan isə maneəsiz hərəkət prinsipi ilə tənzimlənməsini istəyir. Bundan başqa, Azərbaycan haqlı olaraq Ermənistanın 10 noyabr bəyanatında öhdəlik götürdüyünü qeyd edir. İrəvan isə yeni bir sazişin imzalanmasını təklif edir.

Hesab edirəm, Obrayenin səfəri məhsuldar və faydalı olacaq. Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində Vaşinqtonun mövqeyi Bakı üçün məqbul sayıla bilər”.

Turan Rzayev
Globalinfo.az