Zəngəzur dəhlizi üçün ABŞ-da son razılıq ola bilər – Ermənistan bu plana “hə” deyəcək

Azərbaycan-Ermənistan danışıqlarınının Vaşinqtonda yenilənməsi ehtimalı yüksəkdir.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Akop Bədəlyan deyib.

“Əgər daha bir görüşü təşkil etmək təşəbbüsü yaranarsa, məncə, əsas məqam o olacaq ki, Vaşinqton tərəfləri hansısa razılaşmaya gətirmək imkanını nə qədər görür. Əlbəttə, söhbət sülh razılaşmasından getmir. Lakin biz yenidən Tavuşla sərhəddə olan kimi qismən razılaşdırılan məsələlər görə bilərik” – deyə o bildirib.

Bədəlyan həmçinin baş tutacaq növbəti görüşdə diktə edən tərəfin Bakı olacağını bildirib. Onun sözlərinə görə, ABŞ vasitəçi olsa da, olmasa da ona tərəflərin nəyin hesabına razılığa gələcəyi çox da maraqlı deyil:

“Vaşinqton üçün əsas məsələ əlaqə kanallarının bərpası, yəni Mərkəzi Asiyadan Aralıq dənizinə dəhliz salıb, Rusiya, Çin və İranın təsirini zəiflətməkdir. Kommunikasiyaların açılması, həm ABŞ, həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir. Bu, sülh danışıqlarında əsas məsələlərdən biridir ki, tərəflərin mövqeləri fərqli görünür. Amma bu belə həll ediləcək. Xüsusi yol rejimi yaradılacaq və ona nəzarət istənilən özəl QHT-yə veriləcək, amma o, Qərb ölkələrindən olacaq. Bu isə İrəvana imkan verəcək ki, öz simasını qoruyaraq və ölkənin prosesə müdaxilə etmədiyini deyərək, Azərbaycanla dəhliz məsələsində razılaşa bilsin”.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Azərbaycanı və Ermənistanı iyulun 9-11-də keçiriləcək NATO sammitinə dəvət edib. Ermənistan sammitə qatılacağını bildirib, amma Azərbaycan hələ cavab verməyib. Əgər Bakı da razı olarsa, sammit çərçivəsində Azərbaycan-Ermənistan XİN başçılarının görüşü keçirilə bilər.

Obrayen cümə günü Bakıda olarkən iddialı açıqlamalar verib. O, artıq Ermənistanla sülhün zamanının gəldiyini bildirib. Vaşinqton həmçinin Mərkəzi Asiyadan Avropaya xüsusi dəhlizə ehtiyac olduğunu və bunun mütləq Azərbaycandan keçməli olduğunu deyib. Obrayen buna hələlik əsas maneənin Bakı-Yerevan sülhünün olmamasını göstərib.

Əliyar Xəlil
Globalinfo.az