Türkiyədə baş verən zəlzələnin iqtisadi zərərləri ilə yanaşı, beynəlxalq münasibətlərə təsirini artıq görməkdəyik. Türkiyənin Ermənistanla sərhəd qapısı 30 ildən sonra zəlzələ üçün açılıb. Regiondakı bir sıra siyasi hadisələr zəlzələnin diplomatiyada kiçik bir silkələnmə yaratdığını göstərir.
Belə ki, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Azərbaycanın təqdim etdiyi beş maddəlik baza prinsipi üzərində intensiv iş getdiyi, bu prinsiplərin yenidən işlənib qısa müddətdə Azərbaycana təqdim ediləcəyi barədə məlumat verir. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri və orada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşməsi, bunun ardınca Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın fevralın 15-də Türkiyəyə səfər edərək orada türkiyəli həmkarı ilə görüşəcəyi haqqında məlumat, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə zəng etməsini zəlzələ diplomatiyasının tərkib hissəsi hesab etmək olarmı? Əgər olarsa, yeni meydana girən bu diplomatiyanın hədəfi nədir?
Globalinfo.az-a mövzunu şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Türkiyə və Suriyada baş verən zəlzələ on minlərlə insanın həyatını itirməsi, 100 mindən artıq insanın yaralanması, evsiz-eşiksiz qalması ilə nəticələndi:
“Adama elə gəlir ki, regionun siyasi həyatındakı proseslər bir müddətlik dayanıb, diqqətlər zəlzələnin baş verdiyi regionlara köklənib. Dağıntılar arasından çıxacaq xoş xəbəri eşitmək ümidi ilə televiziya və xəbər saytlarına diqqət kəsilib.
Amma həyat davam edir. Regiondakı siyasi proseslər zəlzələ fonunda bəlkə daha da aktivləşib. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar prosesinin intensivləşməsi nəzərə çarpır”.
Əlimusa İbrahimov
Politoloqun sözlərinə görə, əlbəttə ki, rəsmi və dəqiqləşdirilmiş məlumat alana qədər hipotezlə kifayətlənməli olacağıq:
“Görünən budur ki, dörd dövlət – Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan rəsmilərinin, hətta dövlət başçılarının Ankarada bir araya gələrək görüşünün təşkil olunması barədə intensiv müzakirələr gedir. Bu görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Türkiyəyə ediləcək yardımla birlikdə digər məsələlər də müzakirə ediləcək. Türkiyə-Rusiya-Suriya münasibətləri və Azərbaycan-Ermənistan sülh müqaviləsi heç şübhəsiz, müzakirə olunan məsələlərdən olacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu günə qədər Türkiyəyə, zəlzələ bölgəsinə səfər etməməsi də gözlənilən fövqəladə hadisə ilə əlaqələndirilə bilər. Bəlkə bu fövqəladə hadisə elə Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın vasitəçiliyi və ev sahibliyi ilə Ankarada keçirilməsi nəzərdə tutulan dörd dövlət başçısının bu görüşüdür. Hər halda hadisələrin analizi bu məsələnin üzərində dayanmağa əsas verir”.
Gülnar Səlimova
Globalinfo.az














