Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə görüşü regionda geosiyasi dinamikanın yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilir. Səfər çərçivəsində aparılan müzakirələrdə enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq kimi strateji sahələrin ön plana çıxması iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə işarə edir.
Ekspertlərin fikrincə, bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də daha geniş regional və beynəlxalq kontekstdə qiymətləndirilməlidir. Xüsusilə Qəbələdə keçirilən görüşlər Ukrayna–Azərbaycan əməkdaşlığının yeni istiqamətlər üzrə genişlənməsi ehtimalını gündəmə gətirir.
Eyni zamanda, bu səfərin beynəlxalq aktorlar, xüsusilə də Rusiya tərəfindən necə qarşılanacağı məsələsi də diqqət mərkəzindədir. Mövcud geosiyasi şəraitdə belə yüksək səviyyəli təmasların müxtəlif güc mərkəzləri arasında münasibətlərə təsiri istisna edilmir.
Zelenskinin Qəbələyə səfəri Kiyev-Bakı münasibətləri fonunda hansı yeniliklərdən xəbər verir? Moskvanın bu səfərə reaksiyası necə olacaq?
Globalinfo.az-a danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri bir neçə baxımdan maraqlıdır:
“Birincisi, bu səfər simvolik məna daşıyır. Belə ki, müharibə başlayandan sonra Ukrayna prezidenti Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ilk səfərini Azərbaycana edir.
İkinci vacib məqam odur ki, səfər heç də təsadüfi deyil. Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin başlanmasından bu yana davamlı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Bu isə Kiyevin mövqeyi ilə üst-üstə düşür. Eyni zamanda, həm siyasi səviyyədə əlaqələr, həm də iqtisadi və humanitar münasibətlər dayanmayıb. Bu gün Azərbaycan Ukraynaya humanitar yardım göndərən ölkələr arasında ilk sıralardadır.

Fərhad Məmmədov
Səfərin üçüncü maraqlı tərəfi hərbi sənaye sahəsində əməkdaşlıqla bağlıdır. Hazırda Ukrayna ordusu aktiv müharibə aparır və silah istehsalı sahəsində ciddi təcrübə qazanır. Bu ölkə hərbi yenilikləri öz ordusunda tətbiq edir. Azərbaycan isə pilotsuz uçuş aparatlarının istehsalı və istifadəsi sahəsində təcrübəyə malikdir. Ukraynanın təcrübəsi bu yeni texnologiyaların inkişafı və tətbiqi baxımından faydalı ola bilər.
Ukraynada gedən proseslərin tənzimlənməsində Azərbaycanın rolu da qeyd olunur. Bu baxımdan, yaxın gələcəkdə mümkün danışıqlar məkanı kimi bir neçə ölkənin adı çəkilir. Azərbaycan isə heç vaxt xarici siyasətini məhdudlaşdıran addımlar atmayıb. Bu səfər göstərdi ki, Rusiya ilə münasibətlərin normallaşması fonunda belə, Bakı Kiyevlə əlaqələrin inkişafından çəkinmir”.
Turan Rzayev
Globalinfo.az