“Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə hökumətdə planlaşdırılan kadr dəyişikliklərinin səbəblərindən biri Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina ilə bağlı Milli Antikorrupsiya Bürosunun (NABU) araşdırmalarını fəallaşdırması olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukranie” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Stefanişina ətrafında NABU-nun fəaliyyəti səbəbindən vəziyyət gərginləşib və Vaşinqtonda Ukraynanı daha güclü siyasi fiqurun təmsil etməsinə ehtiyac yaranıb.
Bu vəzifəyə əsas namizəd kimi hazırkı baş nazir Yuliya Sviridenko göstərilir.
Onun baş nazir postundan ayrılması isə avtomatik olaraq bütün hökumətin istefası deməkdir.
“Stefanişina məsələsi sadəcə sonuncu detal ola bilərdi. Onun Kiyevə qayıtmalı olacağı aydınlaşanda, ABŞ-da güclü fiqura ehtiyac yarandı”, – deyə Zelenski komandasına yaxın mənbə bildirib.
Bundan əvvəl Stefanişina şəxsi səbəblərlə istefa ərizəsi yazıb və prezident bu müraciəti qəbul edib. O artıq Kiyevə qayıdıb və burada NABU-nun ona rəsmi ittiham irəli sürə biləcəyi bildirilir.
Məlumata görə, Stefanişina uzun müddətdir Avropa İttifaqı standartlarına uyğunlaşdırılması məqsədilə qanunvericiliyin təhlili ilə bağlı korrupsiya işi üzrə araşdırmanın fiqurantıdır.
Bundan əlavə, o, 2024–2025-ci illərdə ədliyyə naziri işlədiyi dövrdə keçmiş həyat yoldaşının müsadirə edilmiş aktivlərin idarə olunmasına cəlb edildiyi iddia olunur.
Mənbələr hökumətdəki dəyişikliklərin digər səbəbi kimi qarşıdan gələn çətin qışı göstərirlər.
Kiyev hesab edir ki, Rusiyanın enerji infrastrukturuna zərbələri fonunda növbəti qış ağır keçəcək.
Yeni baş nazir vəzifəsinə ən real namizəd kimi isə “Naftoqaz”ın rəhbəri Sergey Koretskinin adı çəkilir.
Qeyd edək ki, Yuliya Sviridenko baş nazir vəzifəsində bir ildən az müddət çalışıb. Onun namizədliyi Ukrayna Ali Radası tərəfindən 17 iyul 2025-ci ildə təsdiqlənmişdi.
Əliyar Xəlil
Globalinfo.az