Zelenski yeni Nazirlər Kabinetindən tələb etdi: “Yerli istehsal 50 faizə çatmalıdır”

Zelenski yeni Nazirlər Kabinetindən tələb etdi: "Yerli istehsal 50 faizə çatmalıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski yeni formalaşacaq Nazirlər Kabineti qarşısında yerli hərbi sənaye ilə bağlı mühüm tələb irəli sürüb.

Globaloinfo.az xəbər verir ki, dövlət başçısı bildirib ki, hökumət altı ay ərzində Ukrayna Silahlı Qüvvələrinin (AFU) istifadə etdiyi silahların azı 50 faizinin yerli istehsal olmasına nail olmalıdır.

“Yeni hökumətin işinin ilk altı ayında öz istehsalımızı artıraraq Ukrayna silahlarının 50 faizinə çatmalıyıq. Əminəm ki, buna nail olmaq olar”, – deyə Zelenski videomüraciətində vurğulayıb.

Zelenskinin sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin arsenalında yerli istehsal silahların payı 40 faizdir. Prezident bu artım tələbini “müharibəni Rusiya ərazisinə keçirmək” məqsədilə əsaslandırıb.

Bununla yanaşı, Ukrayna lideri Müdafiə Nazirliyinin artıq hərbi-sənaye kompleksinə nəzarət edəcəyini bildirib. Bu vəzifə əvvəl Strateji Sənaye Nazirliyinə məxsus idi.

Qeyd edək ki, Zelenski daha əvvəl keçmiş baş nazir Denis Şmıxalın Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik etməsi üçün onun namizədliyini Ali Radaya təqdim edib.