Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya nefti və neft məhsullarının daşınmasında iştirak etdiyi iddia edilən gəmi kapitanları da daxil olmaqla 94 fiziki və 5 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə teleqram vasitəsilə yayımlanan videomüraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, bu, hazırlanmış üç sanksiya paketindən ilkidir və növbəti addımlar da nəzərdə tutulur. Prezident vurğulayıb ki, Kiyev bu tədbirləri Qərb tərəfdaşları ilə koordinasiyalı şəkildə həyata keçirməyə çalışır.
Sanksiya siyahısı artıq Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub. Siyahıya 94 nəfər daxildir. Onlardan 83-ü Rusiya, digərləri isə Banqladeş, Hindistan, Çin, İran, Pakistan, Myanma və Gürcüstan vətəndaşlarıdır. Hüquqi şəxslər arasında isə Rusiya mənşəli 5 şirkət yer alır ki, onlardan biri də “Qazpromneft Shipping”dir.
Tahir Turan
Globalinfo.az














