zelenski 1

Faydalı qazıntılarla bağlı saziş üzrə texniki danışıqlar aprelin 11-12-də Vaşinqtonda keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, Ukrayna fondu idarə etməkdə bərabərlik prinsipini qoruyacaq.

Zelenski bu fikri ABŞ Maliyyə naziri Bessentin son açıqlamasına cavab olaraq səsləndirib. Xatırladaq ki, amerikalı nazir Ukraynanın ehtiyatlarla bağlı müqaviləni hələ prezidentin Ağ Evə səfərindən əvvəl imzalaması gərəkdiyini bildirmişdi.

“Müqaviləni barmağı ilə döyəcləyərək “bunu indi imzalamalısınız” deməyə çalışdı. Mən isə ona yalnız bir şey dedim: “Barmağınızı döyəcləməyi dayandırın və konkret danışaq”. Ola bilsin ki, o, başqa cür dialoq gözləyirdi, amma mən Ukraynanı üçüncü dərəcəli ölkə hesab etmirəm. Biz bərabərhüquqlu şəkildə danışmalıyıq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, beynəlxalq danışıqlarda və resurslara dair müqavilələrdə ölkələrin suveren hüquqları və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir.

Bundan başqa, Zelenski Ukrayna münaqişəsinin həlli üzrə ABŞ ilə danışıqların da gələn həftə baş tuta biləcəyini qeyd edib.

Xatırladaq ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında sonuncu görüş martın 25-də Səudiyyə Ərəbistanında keçirilmişdi. Ondan bir gün əvvəl – martın 24-də isə Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutmuşdu.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: