Ukrayna uduzsa, Rusiyanın növbəti hədəfi bu ölkə olacaq

“Ukrayna Prezidenti Volodimir Zelenski sabah, apelin 5-də Polşaya səfər edəcək. Onun həmkarı Andjey Duda ilə görüşəcəyi gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, tərəflər sonuncu dəfə bir neçə ay əvvəl Ukraynada bir araya gəlib:

“Məlumdur ki, müharibədə Ukraynaya ən çox dəstək olan ölkələrdən biri Polşadır. Bunun əsas səbəblərindən biri də şübhəsiz ki, rəsmi Varşavanın təhlükəsizlik qayğısıdır. Duda yaxşı başa düşür ki, Ukrayna məğlub olsa, Rusiyanın növbəti hədəflərindən biri Polşa ola bilər.

Səfər ərəfəsində, dünən Polşanın bir neçə MiQ-29 qırıcısının Ukraynaya təhvil verildiyi açıqlandı. Yəqin ki, bu proses gələcəkdə də davam edəcək. Polşanın Ukraynaya silah tədarükünün intensivləşəcəyi gözləniləndir. Görüş zamanı bu barədə razılıqların əldə olunması mümkündür.

Savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, döyüşlər hələ uzun çəkəcək. Bu isə o deməkdir ki, Polşa və digər müttəfiqlər Ukraynaya dəstəyi səngitməməli, əksinə gücləndirməlidirlər.

Qarşılıqlı təmasların, o cümlədən səfərlərin davam etməsi, əlbəttə, həm də Rusiyaya mesajdır. Müttəfiqlər Kremlə həmrəyliklərinə dair ismarış verir, birliklərinin zəifləmədiyini göstərmək istəyirlər”.

Turan Rzayev
Globalinfo.az