Britaniyalı analitik Aleksandr Merkuris deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin artıq döyüşmək qabiliyyətində olmadığını etiraf edib. Ukrayna prezidenti belə etiraf edib, yoxsa Rusiya mediası ictimai rəyi manipulyasiya edir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Zelenskinin dövlət başçısı kimi belə bir fikir səsləndirməsi onun siyasi məhvi demək olardı:
“2022-ci ildə müharibə başlamamışdan qabaq bundan qaçmaq mümkün idi. Müharibənin başlamasında xarici faktorla yanaşı verilən vədlərə inan Zelenski də böyük rol oynayıb. O, Ukraynanı qələbəyə aparacağına dair söz verib. Eyni zamanda Ukrayna şəhərlərini, kəndlərini qorumaqla mükəlləfdir. Bu səbəbdən Zelenskinin belə açıqlama verməsi inandırıcı deyil. Qərbdə Rusiya yönlü, onun maliyyələşdirdiyi media orqanları, beyin mərkəzləri tərəfindən zaman-zaman bu qəbildən açıqlamaların verildiyinin şahidi oluruq. Beləliklə, Zelenskini gözdən salmaq, Ukrayna xalqında xəyal qırıqlığı yaratmağa çalışırlar”.
Natiq Miri
Politoloqun sözlərinə görə, Zelenski son açıqlamalarında Ukraynaya yardımların artırılmasına, verilən icazələr fonunda Rusiyanın dərinliklərinin, strateji, hərbi obyektlərin vurulmasına çalışır:
“Bununla bağlı danışıqlar gedir. Ukrayna ordusunun son günlərdəki nöqtə atışları həqiqətən də Rusiyanın ehtiyat qüvvələrinə, bazalarına ciddi zərər vurur. Rusiyanın dərinliklərinə zərbə edirməyə icazə verilərsə, Kremlin Ukrayna şəhərləri üçün təhlükə törədən qırıcılarının havaya qalxmasına belə imkan verilməyəcək. Aeradromlar kəşfiyyat məlumatları kontekstində vurulacaq və bu təyyarələr başını soxmağa yer axtaracaqlar. Müharibənin bitməsini istəməyən, Ukraynanı məhvə məhkum edən Qərb dünyasıdır. Zelenskinin konkret tələbləri var ki, onlar yerinə yetirildiyi halda Rusiya məcbur qalıb sülh sazişi imzalayacaq”.
Safura Bənnayeva
Globalinfo.az














