
Globalinfo.az qəzanın başvermə anının görüntülərini təqdim edir:
***
Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub.
Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış.
Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin “Chevrolet” markalı avtomobilə çırpılması nəticəsində Samir Həsənov ağır xəsarət alıb, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
***
Zaqatalada baş verən ağır qəza ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, məlumatda bildirilir:
Mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Şevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, VAZ 2107 və “Niva-Şevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.
Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hazırda hadisə yerində araşdırmalar aparılır.














