Zahid Oruc: “Rusiyanı İslam dünyası ilə üz-üzə qoymağa çalışırlar”

“Dünən Türkiyə Milli Müdafiə Nazirliyi qardaş ölkənin 3-cü dünya müharibəsi perspektivinə hazır olduğunu bəyan etdi. Hakan Fidanın açıqlaması da ordu və xarici siyasət idarəsinin  vahid mövqeyini göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, müharibələr vahid bir zəncirin həlqələridir:

“O deyir, sitat:” müharibə Ukraynadan kənara yayılmayıb, lakin qütbləşmə güclənir, qlobal risklər və çatlar dərinləşir.  Rusiya öz düşərgəsini yaradır.”

Bəli, köhnə dünya nizamı dağılıb və qlobal təhlükəsizlik sistemi çöküb. Kim elə hesab edirsə ki, Qəzzadakı savaşla Rusiya-Ukrayna müharibəsinin heç bir əlaqəsi yoxdur, o yanılır. Fars və Qırmızı dənizdə gərginlik, Hind-Sakit okeanı regionunda pozulan sabitlik, Süleymaniyyənin PKK-nın bazasına çevrilməsi, Rusiyanın Şimali Koreya ilə müdafiə sazişi qlobal tarazlığın pozulduğunu göstərir. Dağıstanda son terror hadisəsi də Rusiyanı daxildə dini toqquşmalara cəlb etmək, onu islam dünyası ilə üz-üzə qoymaq məqsədi daşıyır”.

Deputatın sözlərinə görə, atom bombasının kəşfindən bu yana tarixdə ilk dəfədir nüvə silahına sahib ölkənin ərazisinə hərbi zərbələr vurulur:

“Ukraynaya uzaq mənzilli raketlər verən dövlətlərin təhlükəli ssenarisi heç kəsə gizli deyil. Üstəlik, heç  vaxt olmadığı qədər qütbləşən və namizədlərdən biri Donald Tramp əleyhinə qaldırılan 91 cinayət işi Amerikada seçkilərin gələcək nəticələrini proqnozlaşdıranlar deyir ki,  üçüncü dünya savaşı II vətəndaş müharibəsindən yaxşıdır. Yəni, sadə dillə desək, Ağ Ev daxili toqquşmalardan qaçmaq üçün beynəlxalq gərginliyi artırır.

Ölkə rəhbəri dünyada gedən prosesləri ən yaxşı bilən strateq kimi, hələ il yarım əvvəl yerli telekanallara müsahibəsində deyir, sitat: “indi faktiki olaraq üçüncü Dünya müharibəsi gedir. Qərblə Rusiya arasında uçurum dərinləşir”.

Z.Oruc bildirib ki, Rusiya-ABŞ, Rusiya-NATO generallarının Bakıda görüşləri, paytaxtımızın diplomatik barış platforması olması deyilənlərə sübutdur:

“İlham Əliyevin liderliyi ilə qazandığımız hərbi Qələbələrin təməl səbəbi beynəlxalq toqquşmalara mümkün olduqda uzlaşma gətirmək, olmadıqda qarışmamaq və bloklara qoşulmamaq, regionu internasional savaş meydanına çevirməmək prinsipi təşkil edir. Rusiya-ABŞ, Rusiya-NATO generallarının Bakıda görüşləri, paytaxtımızın diplomatik barış platforması olması deyilənlərə sübutdur. Üçüncü dünya müharibəsi şəraitində Qoşulmama Hərəkatı da ölkəmizi qorumaq üçündür. Müttəfiqlik sazişi imzaladığımız Rusiyanın da, Yaxın Şərqdə son qanlı savaşın əsas tərəfi olan İsrailin də ətrafında qütbləşməyə baxmayaraq, bizim ölkəmiz heç bir dövlətin forpostu deyil”.

“Azərbaycan bütövlükdə regionun təhlükəsizliyinin əsas qarantıdır. Ona görə də Prezident seçkiləri kimi, Yeni Parlamentin formalaşması da daxildə milli həmrəliyi gücləndirməklə ölkəmizi beynəlxalq toqquşmalara çəkmək istəyənlərə cavab olacaqdır.  Beləliklə, yeni dünya düzəni yaranana qədər çoxvektorlu siyasət, geosiyasi qütblərdən heç birini seçməmək ən düzgün yoldur.  Azərbaycan və Türkiyə 3-cü dünya müharibəsinə qarşı vahid səngərdədir. Lakin bir həqiqəti bilməliyik-seçim qarşısında qalarıqsa, ölkə rəhbərinin qərarı xalqımız üçün yeganə xilas yolu olacaqdır” – deputat qeyd edib.