Yuxarı Qarabağ kanalının bir hissəsi uçdu: ərazini su basdı – YENİLƏNİB

Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub, su axmasının qarşısı tamamilə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliytinin sədri Zaur Mikaylov, eyni zamanda, Agentliyin tabeliyində olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də aidiyyəti şöbə müdirləri hadisədən xəbər tutan kimi rayona ezam olunublar.

“Onlar hazırda da hadisə yerindədirlər. Dağılan bənddən axan suyun qarşısının alınması üçün ətraf rayonlardan, istismar idarələrindən texnikalar cəlb olunub, bütün idarələr səfərbər edilib. Yuxarı Qarabağ kanalı bizim ən böyük magistral kanallardan biridir. Buranın su həcmi böyükdür. Ona görə də bəzən bu kanalda qəza olanda axan suyun dərhal kəsilməsi mümkün olmur. Artıq suyun qarşısı tamamilə kəsilib. Digər yerlərdə də ziyanın dəyib-dəymədiyini yoxlamaq üçün sabah da ümumi olaraq kanala baxış keçiriləcək”, – ASC rəsmisi vurğulayıb.

***17:48

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.