Əhmədlidəki “Bravo”ya silahlı hücum: ölən var – VİDEO/YENİLƏNDİ

 

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

X X X

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir” – məlumatda vurğulanıb.

X X X

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

X X X

Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

X X X

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən saytımıza bildirilib ki, Paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib:

“Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

X X X

Bakıda hipermarketdə atışma olub.

Globalinfo.az xəbər verir ki, hadisə Xətai rayonundakı ipermarketdə qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Zaira Akifqızı
Globalinfo.az