Yunanıstanın aprelin 16-da açıqladığı “Dəniz Məkan Planlaşdırması”na (DMP) Misir şifahi nota ilə sərt reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatında məlumat yayılıb.
“Enikos.gr” xəbər portalının yazdığına görə, Misir Yunanıstanın planlaşdırdığı bəzi dəniz ərazilərinin Aralıq dənizində Misir Ərəb Respublikasının Eksklüziv İqtisadi Zonası və kontinental şelfi ilə üst-üstə düşdüyünü bildirib. Qahirə bu addımı qəbul edilməz adlandıraraq bunun nəticələrinin qeyri-qanuni olacağını bəyan edib.
Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Lana Zohiu jurnalistlərin məsələ ilə bağlı suallarına cavab verərkən bildirib ki, şifahi nota Yunanıstanın 16 aprel tarixində elan etdiyi DMP-yə dair diplomatik çərçivədə verilmiş cavabdır.
O, həmçinin bildirib ki, yaranmış narahatlıq Misir və Yunanıstan arasında hələ də müəyyənləşdirilməmiş dəniz yurisdiksiyası sahələri ilə əlaqədardır.
Qeyd edək ki, Yunanıstan Xarici İşlər və Energetika Nazirliklərinin rəhbərləri tərəfindən imzalanan DMP ilk dəfə olaraq Yunanıstanın dəniz ərazilərinin istifadəsini təfərrüatlı şəkildə müəyyən edir.
Tahir Turan
Globalinfo.az














