Bütün yollar müharibəyə aparır: tamam fərqli hadisələr olacaq

Bu gün Cənubi Qafqazada İranın müharibəyə cəlb olunacağı barədə daha bərkdən danışılır. Azərbaycan-Ermənistan münaqişəsi artıq iknci plana keçməkdədir. Çünki Avropa və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sabit sülhün yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər öz bəhrəsini verməkdədir. Ermənistan Azərbaycanın tələbləri qarşısında boyun əymək və ona tabe olmaqdan başqa yolunun olmadığını qəbul edir. Bu da iki ölkə arasında sülh prosesinin başlanması ilə nəticələnəcəyinə ümidi artırır.

İranla isə vəziyyət başqadır. İranla ərəb ölkələri, İranla İsrail, İranla ABŞ, İranla Avropa İttifaqı arasında qarşıdurma getdikcə artır. Hadisələr Cənubi Qafqazı da ağuşuna alacaq İrana qarşı müharibə və ciddi regional qarşıdurmaya doğru inkişaf edir. Bu gün regionun əsas problemi budur. Azərbaycanla Ermənistan baş verənlər dünya ictimaiyyəti və regionun təhlükəsizliyi üçün İranla müharibə qədər ciddi əhəmiyyət kəsb etmir. Həm də ona görə ki, Azərbaycan regiondakı digər dövlətlərin təhlükəsizliyinə qorxu yaratmadan Ermənistanla arasındakı problemi həll etmək iqtidarına malikdir. Bu iki ölkə arasında münaqişə baş versə belə, qonşu dövlətlərə sıçramadan həll olunacaq. Azərbaycan bunu həll edəcək – iki il öncə 44 günlük müharibə zamanı həll etdiyi kimi.

Əlimusa İbrahimov

İranla müharibə isə tamam fərqli bir hadisə olacaq. Bu müharibə regionda ölkələrin hamısına təsir edəcək. Üstəlik, Avropa İttifaqı, ABŞ, İsrail, Ərəb ölkələri də İrana qarşı çoxdan gözlədikləri fürsəti əldə edəcəklər. Onlar İran məsələsini birdəfəlik bitirmək üçün uzun müddətdir imkan axtarırlar.

Müharibəni labüd edən şərtlərin başında isə İranla danışıqlar aparan tərəflərdən heç birinin sülh haqqında, münaqişənin aradan qaldırması barədə düşünməməsidir. İran özü də Qərb ölkələri ilə münasibətlərini  yoluna qoymaq fikrində deyi. Bütün tərəflər vəziyyəti daha da gərginləşdirmək istiqamətində siyasət yürüdürlər. Nccə deyərlər, bütün yollar müharibəyə aparır. İranla müharibəyə!

Əlimusa İbrahimov
Politoloq