Çin son günlər Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Təlimlər özündə adada hərbi əməliyyatlar, habelə real döyüş ssenarilərini ehtiva edir.
Pekinin bu addımı əsas rəqibi və adanın de-fakto protektoratı olan ABŞ-ı narahat edir. Belə ki, ABŞ da cavab olaraq dəniz piyadalarının iştirakı ilə Tayvan yaxınlığında yerləşən Filippin adalarında hərbi təlimlər keçirəcəyini bildirib. Təlimlərdə real münaqişə vəziyyətinin imitasiya ediləcəyi deyilir.
Ekspertlərin fikrincə, tərəflərin təlimlər üzərindən bir-birinə etdiyi xəbərdarlıq kifayət qədər ciddidir. Hətta prosesin Üçüncü Dünya müharibəsini başlatmaq ehtimalı olduğu da deyilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, beynəlxalq münasibətlər sistemində belə təlimlər adətən güc nümayişi kimi qiymətləndirilir:
“Belə təlimlər bəzən ciddi nəticələrə, qarşı tərəfin kəskin reaksiyalarına səbəb olur. Amma onu da deməliyik ki, hər təlim müharibə hazırlığı demək deyil. Çin əvvəllər də oxşar təlimlər keçirib. Rəsmi Pekinin indiki vaxtda Tayvana müdaxilə edəcəyini düşünmürəm. Çin bunun üçün yəqin ki, ən azı ABŞ-dakı prezident seçkilərinin nəticəsini gözləyəcək.
Ümumilikdə isə beynəlxalq münasibətlər sisteminə yeni oyunçular daxil olub və dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu mənada gələcəkdə Çinin Tayvana müdaxiləsi istisna deyil”.
Turan Rzayev
Globalinfo.az














